MÜSAHİBƏ

13 Aprel

Nəcəf Allahverdiyev: Ölkəmizdə şirkətlər bu günlə yaşayır, gələcəklə bağlı hansısa plan qurmurlar

Müasir dünyanın idarəçilik çağırışları rəhbərlərdən artıq köhnəlmiş və çərçivələr daxilində deyil daha sərbəst eyni zamanada peşəkar,innovativ idarəetmə bacarıqları tələb edir. Bütün dünyada olduğu kimi ölkəmizdə də şirkətlərin idarə edilməsində spesifik  nöqsanlar az deyil. "Fins.az" azərbaycanlı həkim, biznes təlimçi Nəcəf Allahverdiyevin sözügedən mövzuda müsahibəsini təqdim edir. 

 Azərbaycanda şirkətlərin idarəçilikdə yol verdiyi əsas səhvlər   hansılardır?

  Azərbaycanda şirkətlərin idarəçilikdə yol verdiyi əsas səhvlərdən biri strateji planlamanın olmamasıdır. Yəni ölkəmizdə şirkətlər bu günlə yaşayır, gələcəklə bağlı hansısa plan qurmurlar. Bəzən isə strateji planlama olur, lakin buna baxmayaraq biznes prosesinə təsir edən dəyişikliklərə çevik yanaşma müşahidə edilmir.

İdarəçilikdə yol verilən səhvlərdən biri də kadrlarla iş prosesi ilə bağlıdır. Burada əsasən bir-birinə ziddiyyət təşkil edən 2 hal müşahidə edilir. Birinci halda kadrlarla aqressiv, sərt və totalitar idarəçilik üsulu, ikinci halda isə haddindən artıq liberal idarəçilik üsulu tətbiq edilir. Bu cür idarəçilik üsullarının tətbiq edildiyi sahələrdə istənilən uğur müvəqqəti xarakter daşıyır. Bir müddət sonra kollektivdə problem yaranır. Bu baxımdan kadrların şəxsi inkişafı ilə bağlı təlimlər çox önəmlidir. Eyni zamanda birgə iş prosesində komanda şəklində fəaliyyətin inkişaf etdirilməsi, komanda ruhunun formalaşdırılması böyük əhəmiyyət daşıyır. Təəssüf ki, qeyd etdiyim məqamlarla bağlı Azərbaycanda çox az şirkətdə kadrlara təlimlər keçirilir. Rəhbərlər liderdən daha çox, nominal rəhbər kimi fəaliyyət göstərirlər. Bu isə təbii ki, komanda ruhunun aşılanmasında problem yaradır. Yəni komanda işinin və komanda ruhunun yüksək səviyyədə olması eyni zamanda rəhbərin lider bacarıqlarından asılıdır. İdarəçilikdə yol verilən səhvlərdən biri də rəhbərlərin işçilərin şəxsi inkişafına diqqət yetirməməsidir. Bəzən məhz məhsul və ya xidmətlə bağlı müəyyən təlimlər keçirilir, lakin kommunikasiya bacarığı, şəxsi inkişaf kimi soft bilgilərlə bağlı təlimlər keçirilmir. Bu da təbii ki, zamanla şirkətin inkişafının qarşısını alan amillərdən birinə çevrilir.

Bir çox şirkət rəhbəri komandasının şəxsi inkişafına investisiya etməkdən çəkinir. Əksər hallarda bunu işçilərin iş yerlərinə müvəqqəti baxması ilə əlaqələndirir. Sahibkarlar inkişafına dəstək göstərdiyi işçiləri yanında daha uzun müddətli saxlamaq üçün nə etməlidirlər?

 Bəli, bir çox şirkət rəhbərləri işçilərinin təhsil və şəxsi inkişafına investisiya etməyin vacib olduğunu bilir. Lakin işçinin inkişaf edib iş yerini dəyişməsi kimi ehtimallar rəhbərləri bu cür investisiyalardan çəkindirir. Burada əsasən 2 yanaşma mövcuddur. Birinci halda siz işçilərinizə heç nə öyrətmirsiniz, bilik və təcrübələrinin artırılması, şəxsi inkişaflarının və təhsil səviyyələrinin yüksəldilməsi istiqamətində heç bir addım atmırsınız. Belə olduqda işçiləriniz heç bir inkişaf etməyəcək və təbii ki bu, sizin biznesinizin də inkişaf etməməsinə, hətta zamanla çökməsinə səbəb olacaq. İkinci yanaşma isə ondan ibarətdir ki, siz işçilərinizə investisiya etməkdən çəkinmirsiniz, onlar inkişaf etdikcə sizin biznesinizə dəyər qatır və inkişafınızı sürətləndirirlər. Bəli, təbii ki bu proses zamanı bəzi işçilərin getməsi labüddür. Yəni işçilərin şəxsi inkişafına investisiya etmək istəyən rəhbər 2 seçim qarşısında qalır. Ya bu investisiyadan çəkinir, nəticədə inkişaf etməyən işçilərlə birlikdə öz biznesi də çökür, ya da investisiya etməkdən çəkinmir. Nəticədə biznesi getdikcə böyüyür və dəyişən, yenilənən kollektivlə birlikdə yoluna davam edir. Dünya təcrübəsinə əsasən 2-ci seçimə üstünlük verildiyi müşahidə edilir. İşçiləri daimi saxlamaq və əbədi işə bağlamaq mümkün olmadığından, inkişafetmiş şirkətlər daha çox öyrətməyə və bunun sayəsində böyüməyə üstünlük verirlər.