MÜSAHİBƏ

22 Mart

FES rəhbəri Ukraynadakı müharibənin dünya iqtisadiyyatına təsirini qaçılmaz hesab edir

ABŞ-da inflyasiya Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatından” əvvəl də artmağa başlamışdı. Vəziyyətin qlobal iqtisadiyyata təsirini proqnozlaşdırmaq isə hələ ki mümkün deyil,– deyə ABŞ-ın  Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Cerom Pauel bildirib.

Pauell Milli İqtisadiyyat və Biznes Assosiasiyasının illik iqtisadi siyasət konfransı üçün yazdığı məqalədə qeyd edir ki, "inflyasiya ilə bağlı proqnoz bu il əhəmiyyətli dərəcədə pisləşib". FES rəhbəri bunun hələ Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, inflyasiya artımı proqnozlaşdırılandan daha böyük və sabit olub.

Pauel qeyd edib ki, Ukrayna ətrafındakı hadisələrin nəticələri "qlobal və Amerika iqtisadiyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərəcək, amma bunu proqnozlaşdırmaq hələ ki, çətindir".

FES rəhbərinin sözlərinə görə, Rusiya Federasiyası dünyanın ən böyük xammal istehsalçılarından biridir. Ukrayna da bu sahədə mühüm mövqelərə sahibdir. Ukrayna ətrafındakı vəziyyət neft və xammalların qiymətlərinə birbaşa təsir etməklə yanaşı, xarici ölkələrdə iqtisadi fəallığı məhdudlaşdıra və tədarük zəncirlərini poza bilər ki, bu da “ABŞ iqtisadiyyatı üçün kənar təsirlər yaradacaq”.

O həmçinin qeyd edib ki, neftin qiymətinin qalxması "iqtisadiyyata qarışıq təsir göstərir, ev təsərrüfatlarının real gəlirlərini, eləcədə tələbləri azaldır, lakin zaman keçdikcə qazma işlərinə investisiyaları artırır və bütövlükdə neft hasil edən regionlara fayda gətirir".