Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İlham müəllim, məlum olduğu kimi, Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf etdi. Yatağın kəşfi Türkiyəni qlobal enerji bazarında iştirakçıya çevirir. Maraqlıdır, bu, Türkiyənin Azərbaycandan qaz alışına necə təsir edəcək?
- Türkiyənin Qara dənizdə “Sakarya” adlandırdıqları yeni qaz yatağı təbii ki, qardaş ölkənin enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək. Düşünmürəm ki, Türkiyə Azərbaycandan aldığı qaz həcmlərini azaltsın. O baxımdan ki, Türkiyə Azərbaycandan təkcə qaz almır, həm də Azərbaycan qazının Avropaya ötürülməsindən qazanan bir ölkədir. Yəni hər iki ölkəni enerji sahəsində bağlayan amillər çoxdur.
Digər tərəfdən, yeni yatağın kəşfi Türkiyənin qaza olan tələbatını 100 faiz ödəməyə də dəlalət etmir. Nəzərə alsaq ki, bu yataq illik 8-10 milyard kubmetr qaz hasil edəcək, bu zaman ən yaxşı halda ölkənin indiki tələbatının beşdə bir hissəsini, gələcək tələbatının 15-20 faizini ödəyə bilər. Ona görə də Türkiyə həm Rusiyadan, həm Azərbaycandan, həm də tankerlərlə maye halında qaz almağa davam edəcək.
Türkiyə şaxələndirilmiş enerji siyasəti yürüdür. Belə ki, ölkədə atom elektrik stansiyasının tikintisi davam edir. Dəyəri 10 milyard avroya başa gələn atom elektrik stansiyasının gücü cəmi 1200 meqavatdır. Stansiyanın 2023-cü ildə işə salınması hədəflənir. Məsələ harada bir yataq tapdın özünü ora bağlayıb başqaları ilə əlaqəni kəsməkdə deyil. Söhbət öz bazarında rəqabətli mühit yaradıb ondan faydalanmaqdan gedir. Necə ki, bu gün Avropa İttifaqı öz bazarında rəqabətə davamlı bir mühit formalaşdırıb və nəticədə enerjinin qiyməti aşağı düşüb. Yaranmış əlverişli şəraitdən də daxili istehlakçılar kifayət qədər faydalanır. Türkiyə də həmin yolu gedir.
- Türkiyənin Azərbaycanda "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın alışı ilə bağlı imzaladığı müqavilənin vaxtı 2021-ci ildə bitir. Yeni müqavilələrin imzalanması gözlənilirmi?
- Azərbaycan 2001-ci ilin mart ayında "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Türkiyəyə nəqlinə dair 20 illik müqavilə imzalamışdı. Müqavilənin müddəti 2021-ci ilin martın 6-da bitməlidir. O zaman hesab edilirdi ki, iki ildən sonra Türkiyə bazarına təbii qaz nəql olunacaq. Ancaq qaz 2007-ci il iyul ayının 3-də nəql olunmağa başladı. Ona görə həmin müqavilənin uzadılması ilə bağlı danışıqlar gedir.
Digər tərəfdən, hesab edilirdi ki, “Şahdəniz 1” layihəsi üzrə 180 milyard kubmetr təbii qaz hasil ediləcək və bu həcmlər də 2025-ci ilin ortalarına qədər bitəcək. Ancaq əlavə quyular qazıldı və əlavə geoloji məlumatlar toplandı. Görünür ki, orada ehtiyatlar çoxdur. Əlavə ehtiyatlar çox olduğundan onu satmaq lazımdır. Bunu satmaq üçün də ən yaxşı bazar Türkiyədir.
Tutaq ki, istehlakçıya həftədə bir dəfə evində münasib qiymətə rayondan səbət gəlir. Ona gedib başqa yerdən tələbatını almağı lazımdır?! Elə həmin qiymətə, hətta ondan 10 faiz ucuz qiymətə qapıda təhvil verilir. Təbii ki, qapıya sərfəli qiymətə gətirilən məhsulu almaq daha münasibdir. Nə satırsan sat, bazarın fəlsəfəsi eynidir.
- Türkiyə ilk olaraq hansı ölkələrdən qaz idxalını azaldacaq?
- May ayında Türkiyə 10 ölkədən qaz alıb. Cəmi 3 ölkədən - Rusiya, Azərbaycan və İrandan ancaq boru kəməri vasitəsi ilə təbii qaz alınıb. Qalan 7 ölkədən isə maye qaz alıb. Bazarda hansı qiymət daha münasib olursa, ondan alışını davam etdirəcək. Yunanıstanda kəmərlərlə yanaşı, həm də maye qaz terminalları var. Yunanıstan Nigeriyadan tankerlərlə daşınan maye qazdan imtina etmişdi. Türkiyə Nigeriyadan heç vaxt təbii qaz almamışdı, amma qiyməti 20 faiz aşağı salandan sonra enerji məhsulunun İzmirdəki terminala daşınmasına razılıq verir.
Bazarda heç vaxt demək olmur ki, İrandan və ya başqa ölkədən qaz həcmlərini 100 faiz azaldacam. Məsələn, iyunun 1-dən Türkiyə Rusiyadan təbii qaz idxal etmir. Bunun səbəbini ehtiyacının olmaması ilə izah edir.
- Yeni qaz yatağından çıxarılan qazla Türkiyə ümumilikdə nə qədər vəsaitə qənaət edəcək?
- Hələlik bu haqda konkret rəqəmlər yoxdur və ola da bilməz. Çünki Türkiyə bir il ərzində ümumilikdə enerji idxalına qiymətdən asılı olaraq 40-45 milyard dollar vəsait xərcləyir. Tutaq ki, ildə 10 milyard kubmetr qaz hasil edir. Özünün alacağı qazın ortalama qiyməti 200 dollardır. 200 dolları 100 milyarda vuranda 2 milyard dollar edir. Bundan əlavə, qazın çıxarılma xərcini 100 dollar ətrafında götürsək, deməli, ildə 1 milyard dollar irəli düşə bilər. Ancaq bu, bazardakı qiymətdən asılıdır. Ola bilər ki, qaz çıxarılanda qiyməti 300 dollar olsun. Bu zaman qənaət 2 milyard dolları ötə bilər.
(c)telegraf