Fins.az “AccessBank”ın Mikro ve Aqro müştərilər departamentinin meneceri Kamil Cəfərlinin Kənd təsərrüfatına bankların dəstəyi, verilən güzəştli kreditlər və təkliflərlə bağlı müsahibəsini təqdim edir.
“AccessBank” kənd təsərrüfatı sahələrinə hansı dəstəkləri verir?
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bank tərəfindən son 1 ildə aqro sahəsində fəaliyyət göstərən 3800 müştəriyə 20 000 000 AZN kredit verilib. Bundan başqa, “AccessBank” kənd təsərrüfatında çalışanlara Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində də güzəştli kreditlər təqdim edir.
Kənd təsərrüfatının inkişafı üçün bir layihə həyata keçirmisiniz və ya hər hansısa bir layihədə iştirak etmisiniz?
“AccessBank” olaraq bir neçə layihədə iştirak etmişik. Son olaraq Prezident İlham Əliyevin Fərmanına əsasən, kənd təsərrüfatına dövlət dəstəyi layihəsi olaraq, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına tərəfimizdən 15 000 AZN-dək mikro kreditlərin verilməsinə başlanılıb. Layihə bu ilin aprel ayında start götürüb və bank sahəsində ilk mikro kredit “AccessBank” tərəfindən verilib. 3 ay ərzində Bankımız tərəfindən AKİA vəsaiti hesabına 376 fermerə 4 107 800AZN dəyərində güzəştli kreditlər təqdim edilib.
Kənd təsərrüfatı üçün ayrılan güzəştli kreditləriniz hansılardır?
“AccessBank” kiçik sahibkarların və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan müştərilərin daim yanındadır. Bank, kənd təsərrüfatına dəstək olaraq, qeyri-mütəmadi gəlirlərə malik fermerlərə 9 ay güzəşt olmaqla, 12 ay müddətinə qədər 15 000 AZN-dək kredit təklif edir. Bu məhsul üzrə 1 ildə 250 kredit rəsmiləşdirilib və fermerlərə 1 500 000 AZN vəsait verilib.
Kreditlərin həcmi maksimum və minimum necədir?
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 500 AZN-dən başlayaraq, maksimum 3 000 000 AZN-dək kredit verilir.
Ayrılan kreditlər daha çox hansı növ sahibkarlar (kiçik, orta, böyük) üçün nəzərdə tutulur?
Əsasən ayrılan vəsaitlər kiçik sahibkarlar üçün nəzərədə tutulub. Belə ki, son 1 iI ərzində “AccessBank” tərəfindən müvafiq kateqoriyaya daxil sahibkarlarla 50 000 kredit mqaviləsi imzalanıb və 310 000 000 AZN dəyərində vəsait təqdim olunub. Bu məbləğin təqribən 88%-i kiçik sahibkarlar verilib.
Əkinçilik yoxsa maldarlıq təsərrüfatı üçün daha çox müraciət edilir?
Hər iki sahəyə kreditlər ayrılır və bu sahələrə il ərzində 21 535 kredit və ümumi olaraq, 88 000 000 AZN dəyərində vəsait təqdim olunub. Maliyyələşmə üçün isə əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan fermerlər müraciət edir. Verilmiş kreditlərin 86%-i, yəni 75 000 000 AZN maldarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara təqdim olunub.
Niyə fermerlər bankdan kredit götürməkdən çəkinirlər?
Fermerlər ilkin dövrlərdə məhsullarının daha az satılacağından ehtiyat edərək, banklardan kredit əldə etməkdən çəkinirlər. Bunu nəzərə alaraq, biz fermerlərə 9 ayadək güzəşt müddəti ilə kredit təqdim edirik.
Fermer və sahibkarlara nələr təklif edərdiniz?
Fermer və kiçik sahibkarlara əldə etdikləri vəsaitləri ilkin olaraq bizneslərinin inkişafına sərf etmələrini və həmin fəaliyyətdən əldə etdikləri mənfəəti digər sahələrə yönəltmələrini məsləhət görürük.