MÜSAHİBƏ

24 Mart

Nikolay Kulbaka: “Azərbaycan qlobal iqtisadiyyatdakı dəyişikliklərin stress testindən keçə biləcək”

Neftin qiyməti aşağı olaraq qalır. Mütəxəssislər qeyd edirlər ki, hər şey dünyada baş verən qiymət müharibəsi ilə əlaqədardır. Neft ixrac edən aparıcı ölkələr hasilatı məhdudlaşdırmaq barədə hələ razılığa gəlməyiblər. Koronavirus (COVID-19) əlavə gərginlik yaradır. Qlobal iqtisadiyyat təhlükədədir.

Rusiya prezidentinin Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Sosial Elmlər İnstitutunun siyasi və ictimai rabitə kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Media.Az-ın suallarını cavablandırıb.

- Sizin fikrinizcə, neftin qiyməti ilə bağlı nə baş verir?

- Əvvəla, qeyd etməliyik ki, neft bazarında bir-birinə və neft qiymətlərinə təsir edən çox sayda oyunçu yoxdur. Vacib olan onların necə oynadıqlarını başa düşməkdir. Bunlar Səudiyyə Ərəbistanı, Rusiya, Amerika Birləşmiş Ştatlarıdır.

ABŞ-da sürətlə inkişaf etməyə başlayan yeni bir seqment var - şist nefti. Burada bir spesifiklik var. Bir tərəfdən bu bazar sürətlə inkişaf edə bilər. Burada hətta kiçik şirkətlər də işləyə bilər. Lakin bu bazar yalnız bir bareli 40 və 60 dollar arasında dəyişən neft qiymətləri ilə işləyə bilər.

- Hazırkı qiymət müharibəsi OPEC + sazişinin ləğvindən sonra başlayıb?

- Hesab edirəm ki, belədir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı fərqlər haqqında danışmaq daha düzgün olar. Eyni zamanda, unutmaq olmaz ki, ABŞ şist nefti hesabına tədricən Rusiya və Səudiyyə Ərəbistanını bazardan sıxışdırıb çıxarır.

Ancaq birdən qışda koronavirus problemi ortaya çıxdı. Bu, vəziyyəti daha da ağırlaşdırdı. Aydındır ki, neftə tələbatın artması gözlənilmir. Bu şəraitdə Rusiya ABŞ “şist”i üçün gəlirlilik qiymətinin həddini azaltmağa yönəlmiş təcili tədbirlərə keçdi.

Bu oyunu “qiymət müharibəsi”ni başlayan Səudiyyə Ərəbistanı bəyənmədi. Neftin dəyəri minimuma, kobud formada desək, sıfıra düşə bilər. Lakin bu, nəzəriyyədir.

Ancaq praktikada hər şey ölkələrin büdcə imkanlarından asılıdır. Burada bir analoji halı misal çəkək. Deyək ki, iki döyüşçü cəbhə hücumuna tələsir. Kim birinci arxaya baxırsa, uduzur. İndi vəziyyət belədir.

Xatırladım ki, koronavirus enerji sektoruna ekspertlərin gözlədiklərindən daha ağır zərbə vurdu. Dünyada təbii resurs məhsullarına - qaza, neftə və metallara tələbat kəskin şəkildə azalır. Nəticənin necə olacağını heç kim deyə bilməz.

Bununla yanaşı, əminəm ki, Azərbaycan bunun öhdəsindən gələcək. Çox şey yığılmış ehtiyatlardan asılıdır. Bu, bir stress testidir. Bunu keçmək lazımdır. İnflyasiyaya uyğun olan neftin qiyməti Sovet İttifaqının 1990-cı illərdə dağılması vaxtındakı qiymətlə eynidir. Ancaq indi vəziyyət başqa cürdür. Azərbaycan, Rusiya, Qazaxıstan və postsovet məkanının digər ölkələri SSRİ dövründən güclü olan sabit iqtisadiyyat formalaşdırıblar.