MÜSAHİBƏ

20 Fevral

Bu sahədə 3 ilə yaxşı qazanc əldə edə bilərsiniz - MÜSAHİBƏ

Azərbaycan “AqriBioEkoTex” MMC şirkəti ölkəmiz və bütün dünya üçün vacib olan biotexnologiya məhsulları istehsal edir. AqriBioEkoTex MMC-nin missiyası məhsulların ekoloji cəhətdən səmərəli şəkildə istehsal edilməsi və becərilməsi sahəsində Azərbaycanın ən yaxşı kənd təsərrüfatı müəssisəsi olmaq və onu təmin edən məhsullar almaq, kənd təsərrüfatı üçün müasir biotexnologiyanın inkişafını təmin etmək, işçi qüvvəsi və müştərilərə qayğı göstərməkdir.

Fins.az şirkətin direktoru Texnika üzrə fəlsəfə doktoru Əlibala Əli-Zadə ilə müsahibənin birinci hissəsini təqdim edir. 

Əlibala müəllim, əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz.

Artıq 36 ildir ki, əkinçiliklə məşğulam. Bakıda yerləşən və rəhbəri olduğum “AqriBioEkoTex” MMC respublikada eroziyaya məruz qalmış, duzlaşmış, deqredasiya olmuş torpaqların bərpası ilə məşğuldur. Torpaqları bərpa etmək üçün üzvu gübrəyə çevrilən üzvi tullantılar lazımdır. Məsələn, daha çox peyindən istifadə olunur. Peyin tullantı sayılır. Amma onu gübrəyə çevirməyin öz texnologiyası var.

Hazırda AqriBioEkoTex hansı şirkətlərlə çalışır?

Biz “Azersun” Holdinglə, “Gilan” Holdinglə, “Sabah” Holdinglə bu işləri qurmuşuq. Lakin onlar bu işləri yalnız öz sahələrində görürlər. Üst-üstə bu torpaqlar maksimum yüz min hektar edər. Ümumilikdə isə 1,7 milyon hektar əkin torpaqları var ki, onların da çoxu fermerlərin əlindədir. Bəs bu fermerlər üzvi gübrəni haradan almalıdırlr? Axı başqa istehsal edən yoxdur.

Sizə bir mütəxəssis olaraq fermerlər müraciət edib hansı sahəyə yatırım etmələrini soruşsalar, nə məsləhət görərsiniz?

Əgər torpağı varsa, ilk növbədə onun analizlərini etsin, torpağın gücünü müəyyənləşdirsin. Torpağın bioloji tərkibini də öyrənsin. Həmin nəticələri müəyyənləşdirəndən sonra rəqəmləri bizə təqdim etsə, ona həm torpağın bərpası, həm də hansı məhsulu əkməsi ilə bağlı məsləhət görə bilərik.

Fermerlərin yatırımı və qazancı ilə bağlı danışaq. Bir fermer torpağa yatırım etdikdən neçə il sonra həmin pulu çıxara və qazanc əldə edə bilər?

Bu, əkinçilikdir. Torpaq işini alverlə səhv salmaq olmaz. Bu, çətin işdir. Bu işin altına girmək və öz torpağını sevmək lazımdır. Nə qədər qazanacağam sualı sonrakı məsələdir. Bütün şərtlərə düzgün əməl etsən, azı 3-4 ilə qazanc əldə etmək mümkündür. Torpaq çox dəyərli bir elementdir, gələcək nəsilin qidasıdır. Biz bu gün onu qorumasaq, ancaq pulu güdsək, gələcəyimiz olmaz. Əsas fikir bu olmalıdır ki, torpaqları bərpa edəndən sonra işə başlayasan.

Tuncay Türbəndəzadə