MÜSAHİBƏ

19 Fevral

“İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin müsahibəsi

- Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. İlkin mərhələdə icbari tibbi sığorta tətbiq olunan ərazilərdə yanvarın 1-dən bu günədək neçə nəfər icbari tibbi sığortadan yararlanıb? Bu müddət ərzində vətəndaşlar tibb müəssisələrinə daha çox hansı tibb xidmətlər üçün müraciət ediblər?

- Bildiyiniz kimi, 1 yanvar tarixindən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmin regionların sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən ödənişsiz istifadə edirlər. 23 regionda yerləşən tibb müəssisələri üzrə cari ilin 10 fevral tarixinədək ümumilikdə 521 942 müraciət qeydə alınıb. Vətəndaşlar tibb müəssisələrinə ən çox ambulator tibbi xidmət üçün müraciət ediblər. Müraciətlərin də böyük əksəriyyəti ixtisaslı həkim müayinəsi ilə bağlı olub.

 - İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq durumuna necə təsir göstərir?

- İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihədir. Sistemin tətbiqi nəticəsində tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq və əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq. Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində keyfiyyətli tibbi xidmətlərdən istifadə edəcək. İcbari tibbi sığortanın tətbiqi ilə ilkin səhiyyə xidməti inkişaf edəcək. Beləliklə də, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vətəndaşların vaxtında müalicəyə cəlb olunması həm əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına, həm də səhiyyə ilə bağlı maliyyə yükünün azalmasına təsir edəcək.

- Bu prosesin tətbiqi üçün nə qədər maliyyə vəsaiti nəzərdə tutulur?

- İcbari tibbi sığorta fondu icbari tibbi sığortanın maliyyə mənbələri hesabına formalaşır. Maliyyə mənbələrinə icbari tibbi sığorta haqları, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər, müştərək maliyyələşmə məbləği, “Tibbi sığorta haqqında” qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələr və qanunda qeyd olunan digər mənbələr daxildir. Bu il üçün icbari tibbi sığorta fondunun büdcəsinin gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 milyon manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 milyon manat, digər mənbələrdən 185 milyon manat vəsaitin toplanılması proqnozlaşdırılır. Bildiyiniz kimi, hazırda icbari tibbi sığorta haqları toplanılmır. Dövlətimiz ilk 3 ay müddətində icbari tibbi sığorta ilə bağlı maliyyə xərclərini öz üzərinə götürüb. Sığorta haqlarının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel tarixindən başlanılacaq.

- Kimlər icbari tibbi sığortadan yararlana biləcək və kimlər bu xidmətlərdən istifadə edə bilməyəcək?

- Qanuna əsasən bütün ölkə vətəndaşları sığortaolunan hesab olunurlar. Əhatə dairəsinə gəldikdə isə qanun müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə, Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Bu şəxslər arasında məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər və Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna təşkil edir.

Rəsmi əmək müqaviləsinə əsasən, işləyən, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

- Hazırda icbari tibbi sığorta tətbiq olunan ərazilərdən birində qeydiyyatda olub, amma başqa şəhər və rayonda yaşayanlar bu xidmətlərdən necə istifadə edə bilərlər?

- Öncə onu qeyd edim ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşayan vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli inzibati ərazilər olarsa, tibb müəssisəsinə müvəqqəti qeydiyyata alınma ilə bağlı sənəd təqdim edilmədiyi halda müştərək maliyyələşmə məbləği ödənilməlidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərinə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləği tibb müəssisəsinə nağdsız qaydada ödəniləcək.

Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır. Bildiyiniz kimi, Agentlik respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələrini təsdiq edib. Tibbi ərazi bölməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Tibbi ərazi bölmələrinin yaradılmasında məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etməkdir. Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

- İTS-nin xidmətlər zərfinə 2550 sayda tibbi xidmət daxildir. Bu xidmətlər hansılardır?  

- Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasına sayı 150 xidmətdən çox olan həyati vacib, dəyəri yüksək olan əməliyyatlar da daxildir.

- Vətəndaşlar icbari tibbi sığortadan istifadə üçün hansı prosedurlardan keçməlidirlər?

- İlk növbədə vətəndaş ailə həkimini seçmək üçün şəxsiyyət vəsiqəsi ilə birgə qeydiyyatda olduğu yer üzrə ona ən yaxın olan ilkin səhiyyə müəssisəsinə (poliklinika, Ailə Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi) müraciət etməlidir. Sığortaolunan ailə həkimini seçməkdə sərbəstdir. Ailə həkimi onu müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı müalicəyə ehtiyac görərsə ixtisas həkiminə göndəriş verir. Bu halda vətəndaş ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət etdiyi üçün Xidmətlər Zərfindən istifadə etmək məqsədilə xəstəxanaya ödəniş etmir. Ailə həkiminin göndərişi olmadan birbaşa tibb müəssisəsinə müraciət edilərsə, bu halda müştərək maliyyələşmə məbləği ödənilir.

- Xidmətlər Zərfində hansı xidmətlərə sığorta limiti tətbiq olunur?

-  Xidmətlər Zərfində tibbi xidmətlərin adları, tarifləri, sığorta limiti, müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi hallar, o cümlədən tibbi xidmətlərin növündən asılı olaraq göstərilməsi şərtləri və gözləmə müddətləri öz əksini tapır. Sığorta limiti icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfində nəzərdə tutulduğu hallarda sığortaolunana təqvim ili ərzində göstərilən tibbi xidmətlərin say həddidir. Xidmətlər Zərfində yalnız fizioterapiya xidmətləri üzrə təminata alınan tibbi xidmətlərə sığorta limiti tətbiq olunur. Sığorta limiti 10 prosedurdan ibarətdir. 

- İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrini TƏBİB idarə edir. Hazırda TƏBİB-in tabeliyində nə qədər tibb müəssisəsi var? Nə qədər xəstəxana publik hüquqi şəxsə çevrilib?

- TƏBİB-in tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri verilib ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər Zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərinin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması da nəzərdə tutulub. Ötən il tibb müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi Səhiyyə Nazirliyinə tapşırılıb və əksər xəstəxanalar artıq publik hüquqi şəxsə çevrilib. Proses cari ildə də davam edir.

- Hazırda icbari tibbi sığortanın tətbiq olunduğu regionlarda həkim çatışmazlığı var?

- Dövlət müəssisələrində, xüsusilə regionlardakı tibb müəssisələrində həkim vəzifələri üzrə kadr çatışmazlığı müşahidə olunur. Təhlil edərkən məlum olur ki, həkimlər daha çox Bakıda cəmləşiblər. Elə regionlar var ki, orada bir ixtisas üzrə bir həkim çalışır. Həkimləri regionlara cəlb etmək məqsədilə Agentlik tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiq edilməsi istiqamətində bir sıra tədbirlər görür. Həmçinin həkim çatışmazlığı problemini həll etmək üçün bir variant üzərində də düşünülür. Bu, rayonda hansısa bir ixtisas üzrə həkim çatışmazlığı varsa, həmin rayona həftənin müəyyən günlərində Bakıdan ixtisaslı həkimlərin göndərilməsi ilə bağlıdır. Beləliklə də, həmin rayonda həkim çatışmazlığı olan sahə üzrə xidmətlərin göstərilməsi təmin ediləcək.

- İcbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə şəxslər hansı şəkildə cərimələcək?

- Qanuna əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və sığorta hadisəsi zamanı sığortaolunanların icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Apa