Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən siyasi səhnəyə qayıtmaq və ya təsirini artırmaq məqsədilə Moskva ilə əlaqələrini gücləndirməyə çalışır. Erməni politoloq David Stepanyanın sözlərinə görə, Köçəryanın əsas məqsədi maddi dəstək əldə etməkdir. "O, Rusiyadan maliyyə yardımı istəməyə gedib ki, öz vəsaitini siyasi məqsədlər üçün xərcləməsin", - deyən Stepanyan həmçinin qeyd edib ki, hazırda İrəvanda həbsdə olan erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan Köçəryanın siyasi rəqibidir və hətta Moskvanın dəstəklədiyi namizəd ola bilər.
Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirdi ki, Stepanyanın fikri məntiqi baxımdan reallıqla üst-üstə düşür.
Politoloq xatırlatdı ki, Köçəryan uzun illər Rusiya ilə yaxın siyasi və şəxsi əlaqələrdə olub. Onun qənaətincə, Köçəryanın 2026-cı il seçkilərində iştirak edəcəyini bəyan etməsi də Moskva ilə əlaqələrin uzadılması ilə bağlıdır:
“Ona həm legitimlik, həm də resurs təminatı lazımdır. Burada məsələ sadəcə Köçəryanın Moskvadan pul almasından ibarət deyil. Siyasətdə maliyyə məsələsi strateji resursdur, amma Rusiya üçün də Ermənistanda hansı siyasi oyunçuya üstünlük vermək vacibdir. Burada pul verməkdən çox təsir və hibrid təzyiq alətlərindən istifadə edilir. Köçəryan keçmiş siyasi simadır, müəyyən qədər seçki bazası var. Lakin əsas məsələ ümumxalq rəyidir”.
Ekspertin sözlərinə görə, Karapetyan uzun müddət Rusiya bazarında, Kremlin maraq dairələrində güclü iş adamı olub:
“Eyni zamanda, Ermənistanda da böyük iqtisadi maraqları olan biri kimi tanınıb. Xarici siyasətlə bağlı Rusiya ilə əlaqəsinə dair çoxlu spekulyasiyalar var, lakin faktiki reallıq da mövcuddur. Karapetyan hazırda Ermənistanda həbsdədir. Ona qarşı dövlət çevrilişinə çağırış, iqtisadi cinayətlər və s. kimi ittihamlar irəli sürülüb. Onun biznes aktivlərinə dövlət tərəfindən müdaxilə olunub, bəzi şirkətlərinin milliləşdirilməsinə qərar verilib. Bütün bunlar onun dərhal və effektiv aktora çevrilmə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu halda o, Moskva tərəfindən dəstəklənsə belə, bu vəziyyət onun birbaşa siyasi iştirakını çətinləşdirir. Nəticə etibarilə Stepanyanın iddiasında real elementlər var. Köçəryanın Moskva ilə əlaqələri gücləndirməsi, Karapetyanla bağlı məsələsi ideya olaraq mümkündür, lakin qısa müddətdə Karapetyanın uğur əldə etmək imkanı aşağıdır”.
Politoloq əlavə edib ki, Köçəryanın yaxın perspektivdə yenidən siyasi meydanda fəallaşması mümkündür, amma onun uğur qazanacağını gözləmək çətindir:
“O artıq köhnə fiqurdur. Ermənistanda sülh reallıqları və regionda inkişaf istiqamətində müəyyən dinamika müşahidə olunur. Köçəryanın qalib gəlmə ehtimalı Karapetyandan elə də yüksək deyil. O, seçkilərdə Rusiyadakı bəzi qüvvələr tərəfindən dəstəklənən namizədlər sırasında ola bilər. Lakin demokratik seçki baş tutduğu halda Köçəryanın qalib gəlməsi real görünmür. Ermənistanın illərlə yürüdülən işğal siyasətinin nəticələri və iqtisadi blokada şəraiti cəmiyyətdə artıq aydın şəkildə görünür. Paşinyanın da ölkədə kifayət qədər dəstəkçisini olması da bunun nəticəsidir”.
Firuzə Əliyeva
Sfera.az