IKT

18 Fevral

AQTA-da “Azərbaycanın yeni rəqəmsal arxitekturası” planı üzrə vəzifələrin icrası müzakirə olunub

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

Finss.az - İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iclas keçirilib.

AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə baş tutan toplantıda qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, rəqəmsal idarəetmə modelinin təkmilləşdirilməsi və innovasiya əsaslı həllərin sistemli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Agentliyin rəqəmsal transformasiya gündəliyi çərçivəsində həyata keçirdiyi tədbirlər kompleks şəkildə təqdim olunub.

Bildirilib ki, göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması, xidmətlərin “MyGov” platformasına inteqrasiyası, süni intellekt həllərinin tətbiqi və kibertəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, hazırda Agentliyin xidmətləri üzrə rəqəmsallaşma səviyyəsi 87 faiz təşkil edir.

Vurğulanıb ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, eyni zamanda qərarvermə prosesinin məlumat əsaslı modelə keçidi, idarəetmədə çevikliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi deməkdir. Bu yanaşma qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına, potensial risklərin əvvəlcədən müəyyən edilməsinə və çevik reaksiya imkanlarının genişləndirilməsinə imkan yaradır.

Müzakirələr zamanı digər dövlət qurumları və beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və vahid rəqəmsal mühitin formalaşdırılması məsələləri xüsusi vurğulanıb.

Toplantının yekununda xidmətlərin tam elektronlaşdırılması, innovativ texnoloji həllərin tətbiqinin sürətləndirilməsi və rəqəmsal transformasiya prosesinin mərhələli şəkildə icrası ilə bağlı konkret tapşırıqlar verilib.

AQTA qida təhlükəsizliyi sistemində şəffaflıq, effektivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan müasir idarəetmə modelinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.