Sosial media platforması X tezliklə istifadəçilərə səhm və kriptovalyuta ticarətini birbaşa zaman cədvəlindən həyata keçirməyə imkan verəcək.
Finss.az xəbər verir ki, yeni funksionallıq “Smart Cashtags” adlı xüsusiyyət vasitəsilə təqdim olunacaq.
X-in məhsul üzrə rəhbəri Nikita Bier bildirib ki, bu xüsusiyyət bir neçə həftə ərzində istifadəyə veriləcək. İstifadəçilər X-dəki paylaşımlarda göstərilən ticarət simvolları ilə qarşılıqlı əlaqə quraraq ticarəti birbaşa tətbiqdən edə biləcəklər.
Platformanın sahibi Elon Musk isə açıqlayıb ki, X-in daxili ödəniş sistemi X-Money üçün xarici beta testləri yaxın zamanda başlayacaq. Musk uzun müddətdir X-i istifadəçilərin tam maliyyə həyatını idarə edə biləcəyi “hər şeyin tətbiqi” kimi formalaşdırmaq istəyir. Daxili testlərin davam etdiyi və xarici istifadəçilərin sistemi təxminən iki ay ərzində sınayacağı bildirilir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Elon Musk platformanın vizyonunu belə izah etmişdi: “Ödəniş dedikdə mən əslində birinin bütün maliyyə həyatını nəzərdə tuturam. Pul və ya qiymətli kağızlar, hər şey bizim platformada olacaq. Bank hesabına ehtiyac qalmayacaq.”
Musk həmin vaxt yeni maliyyə xüsusiyyətlərinin gələn ilin sonuna qədər istifadəyə verilməsini hədəflədiyini vurğulamışdı.
