IKT

16 Fevral

Bu startap fermerlərin xərclərini necə azalda bilər?

Azərbaycanda son illər startap ekosistemi inkişaf edir, xüsusilə elektronika, proqramlaşdırma, proqram təminatı və kənd təsərrüfatı texnologiyaları sahəsində yeni layihələr yaranır. Bu, innovasiya mədəniyyətinin formalaşmasına və gənclərin sahibkarlığa marağının artmasına səbəb olur. Bu istiqamətdə fəaliyyət göstərən yerli şirkətlərdən biri də “Edtesk” MMC-dir.

Finss.az kənd təsərrüfatı sahəsində startapın təsisçisi və direktoru Şahin Xəlilov ilə müsahibə alıb; müsahibədə startapın yaranma ideyası, fəaliyyəti və gələcək planları barədə ətraflı danışılıb.

- Edtesk startapının yaranma ideyası necə formalaşıb və startap hansı problemi həll etməyi hədəfləyir?

- Startapın yaradıcıları universitetin birinci kursundan başlayaraq startap qurmaq arzusunda idilər. İlk layihəmiz yol təhlükəsizliyi sahəsində sürücünün yuxulamasını izləyən və təhlükə zamanı xəbər verən cihaz üzərində idi. Prototip hazırlandı, müəyyən populyarlıq və kiçik qrant qazandıq, amma gənc komanda üçün idarəçilik, maliyyə və marketinq çətin oldu və layihə dayandırıldı. Bu təcrübə gələcək uğurlar üçün təməl oldu. Mən bakalavr təhsilini bitirdikdən sonra magistr təhsili üçün Pekinə köçdüm, həm oxudum, həm işləyərək maliyyə və praktik təcrübə qazandım. 2020-ci ilin yanvarında Azərbaycana qayıdaraq sıfırdan komanda qurdum, yeni ideya üzərində işləməyə başladıq. Edtesk-in hazırkı əsas istiqaməti təsadüfi bir hadisədən yaranıb. Çindən ölkəmizə geri qayıtdıqdan sonra əslində bir problemi müşahidə etdim. Suvarma prosesi demək olar ki, hər gün eyni ssenari ilə təkrarlanırdı: kim isə şlanqı daşıyır, kim isə kranı açıb-bağlayır, amma nəticədə su ya artıq verilirdi, ya da bəzi yerlərə ümumiyyətlə çatmırdı.Bu, sadəcə məişət problemi deyildi. Bu, sistemsiz idarəetmə problemi idi.

Mən öz-özümə sual verdim: Əgər biz bank əməliyyatlarını telefondan idarə ediriksə, evlər “smart” texnologiyalarla işləyirsə, niyə kənd təsərrüfatı hələ də əl əməyinə və təxminə əsaslanır? Məsələ təkcə rahatlıq deyildi. Bu – su itkisi, zaman itkisi və məhsuldarlıq itkisi demək idi.Və məhz o anda qərara gəldim ki, bu problemi texnologiya ilə həll etmək mümkündür. Sadə, əlçatan və ağıllı bir sistemlə.

Beləliklə, ideya yarandı: suvarmanı insanın gündəlik yükündən çıxarıb, məlumat əsaslı və avtomatik idarə olunan sistemə çevirmək.İlk sistem öz bağlarımızda quruldu. Sistem bir qədər futuristik görünsə də, işləyirdi. Qonşular maraq göstərdi, bir neçəsinə də quraşdırıldı. Beləliklə, real bazar marağı ortaya çıxdı.

-Bu startap nə kimi üstünlüklərə malikdir?

- Bu sistem insan əməyinin azalmasına, suyun daha səmərəli istifadəsinə, uzaqdan idarə imkanına, həmçinin yerli istehsal və yerli dəstəyə əsaslanır. Layihə insan əməyini azaldır, suyun daha səmərəli istifadəsini təmin edir, uzaqdan idarəetmə imkanı yaradır və yerli istehsal ilə yerli texniki dəstək üstünlüyü təqdim edir.

-Məhsullarınız daha çox hansı ölçülü təsərrüfatlar üçün nəzərdə tutulub? Fermerlərin bu texnologiyalara marağı və adaptasiya səviyyəsi necədir?

- Komanda bütün bu çətinlikləri nəzərə alaraq məhsulu maksimum dərəcədə sadələşdirdi və istifadəçi yönümlü hala gətirdi. Artıq fermer sadəcə cihazı qoşur və sistem torpaq nəmliyi, temperatur, pH səviyyəsi və hava proqnozu kimi vacib göstəriciləri avtomatik şəkildə analiz edərək ən optimal suvarma qərarını özü verir. Tətbiqin nəticələri isə olduqca təsirli və ölçülə biləndir. Məsələn, bir təsərrüfatda əvvəllər saatda 70 ton su sərf edən sistem optimallaşdırmadan sonra bu göstəricini 5 tona qədər azaltmağa nail olub. Bu dəyişiklik yalnız suya böyük qənaət demək deyil, eyni zamanda torpağın strukturunun qorunması, məhsuldarlığın artması və istehsal xərclərinin əhəmiyyətli dərəcədə azalması anlamına gəlir. Bununla yanaşı, şirkət mövcud damcı suvarma sistemi olan fermerlər üçün “Pro” versiyanı da təqdim edib. Bu versiyada mexaniki qurğular elektron klapanlarla əvəz olunur və nəticədə suvarma prosesi tam avtomatlaşdırılmış idarəetmə sisteminə çevrilir. Hazırda sistem artıq 100 hektardan çox ərazidə uğurla quraşdırılıb və tətbiq dairəsi hər gün daha da genişlənir. Bu isə layihənin həm praktik effektivliyini, həm də bazar tərəfindən qəbul olunduğunu açıq şəkildə göstərir.

-Startap fermerlər üçün əlçatandırmı?

- Məhsulun qiyməti Azərbaycan reallıqları nəzərə alınaraq kiçik və orta fermerlər üçün əlçatan şəkildə müəyyən edilib. Sistem 4–24 zona üzrə işləyir; kiçik təsərrüfatlar 4 zonalı, iri təsərrüfatlar isə daha çox zonalı variantı seçə bilər. “Light” versiyası kiçik, “Pro” versiyası isə geniş funksionallıq tələb edən istifadəçilər üçündür. Qiymət 170–220 manat arasında dəyişir və əsas konfiqurasiyalar 200 manatı keçmir. Bu qiymətə internetə qoşulma, uzaqdan idarəetmə, Azərbaycan dili dəstəyi və digər müasir funksiyalar daxildir. Startapın əsas prioriteti yüksək mənfəət deyil, bazarda etimad qazanmaq və keyfiyyətli məhsul təqdim etməkdir.

-Gələcək planlarınız nədən ibarətdir?

- Qurucuların məqsədi yalnız yerli bazarla kifayətlənmək deyil, “unicorn” statusuna çatmaq üçün xarici bazarlara çıxışdır. Bunun üçün investorlarla danışıqlar aparılır və Dubay kimi əlverişli bazarlar araşdırılır. Edtesk yalnız suvarma sistemi deyil, aqrobotlar, süni intellekt əsaslı aqronom assistenti, Smart Garden konsepti və yerli istehsal zavodu ilə tam ağıllı kənd təsərrüfatı ekosistemi yaratmağı hədəfləyir. Layihə sürücü yorğunluğu problemi ilə başlayıb uğursuzluq mərhələsindən keçərək beynəlxalq təcrübə ilə möhkəmlənib və fermerlərin real çağırışlarına dayanıqlı texnoloji həll təqdim edir.

-Azərbaycanda startapların qarşılaşdıqları əsas çətinliklər nədir?

- Azərbaycanda kənd təsərrüfatı startapları həm bazar, həm də istehsal baxımından çətinliklərlə üzləşir. Əsas problem texnoloji komponentlərin yerli istehsalının olmamasıdır. Komanda məhsulun dizaynı, elektron platalar və sistem arxitekturasında böyük irəliləyiş əldə edib, amma çip və PCB istehsalı üçün lazım olan sənaye avadanlıqları ölkədə yoxdur. Nəticədə komponentlər xaricdən idxal olunur ki, bu da həm maya dəyərini artırır, həm də vaxt itkisinə səbəb olur.Gələcək planlar arasında 50, 80, hətta 200 min avro dəyərində istehsal qurğularını Azərbaycana gətirmək və yerli istehsalı yaratmaq var. Hazırda maliyyə imkanları məhdud olsa da, məqsəd uzunmüddətli perspektivdə startapın yerli istehsal imkanlarını genişləndirməkdir. Kənd təsərrüfatında innovativ həllərin yayılmasında əsas problemlərdən biri də yerli məhsullara inamsızlıqdır. Bir çox hallarda həm dövlət qurumları, həm də özəl şirkətlər xarici – xüsusilə Almaniya və İsrail kimi ölkələrin – uzun illər fəaliyyət göstərən şirkətlərinə üstünlük verirlər. “100 illik Alman şirkəti” anlayışı hələ də bazarda ciddi psixoloji üstünlük yaradır funksi. Halbuki onallıq və effektivlik baxımından yerli məhsul daha sərfəli ola bilər. Bəzən xarici məhsul milyonlarla manata təklif olunduğu halda, yerli həll xeyli aşağı qiymətə eyni nəticəni verir. Lakin yenə də seçim xarici brendin xeyrinə edilir.Bu stereotipi qırmaq üçün komanda böyük şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir.

-Azərbaycan startapların tətbiqi sahəsində regional lider ola bilərmi?

- Azərbaycanın regionda kənd təsərrüfatı texnologiyaları üzrə liderə çevrilməsi mümkündür. Bunun üçün yerli istehsala və innovasiyaya dəstəyin artması və cəmiyyətin və qurumların yanaşmasının dəyişməsi vacibdir. Məsələn, Türkiyədə yerli istehsala prioritet verilməsi nəticəsində oranın şirkətləri həm daxili bazarda güclənib, həm də ixrac imkanlarını genişləndiriblər. Əgər yerli startaplara sistemli dəstək göstərilərsə, dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilərsə və bazarda yerli məhsullara etimad artarsa, Azərbaycan bu sahədə regional deyil, hətta qlobal miqyasda rəqabət apara bilər. Nəticə etibarilə, məqsəd yalnız məhsul satmaq deyil, düşüncə tərzini dəyişməkdir. Yerli istehsala inanmaq, onu dəstəkləmək və inkişaf etdirmək uzunmüddətli iqtisadi dayanıqlılığın əsas şərtlərindən biridir.

Aynur Bayramova
Finss.az