Azərbaycan HR İnstitutu LinkedIn ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsinə əsasən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə platformanın rəsmi tərəfdaşı elan edilib.
Finss.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində institut region ölkələrində fəaliyyət göstərən özəl və dövlət sektoruna aid təşkilatlara LinkedIn Talent Solutions-un tam portfelini təqdim edəcək.
Bu əməkdaşlıq istedadların cəlb edilməsi, işə qəbul proseslərinin optimallaşdırılması, əmək bazarı analitikası, HR brendinq və insan kapitalının inkişafı sahələrində beynəlxalq qabaqcıl təcrübələrin tətbiqinə imkan yaradacaq.
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, rəsmi tərəfdaşlıq yalnız əməkdaşlıq deyil, eyni zamanda region üzrə strateji genişlənmə və təşkilatların transformasiyası baxımından mühüm addımdır. Məqsəd regionda fəaliyyət göstərən qurumların böyüməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı inkişafına dünya səviyyəli istedad həlləri ilə dəstək verməkdir.
Emil Hüseynov həmçinin LinkedIn rəhbərliyinə göstərilən etimada və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və vurğulayıb ki, bu tərəfdaşlıq region üzrə uzunmüddətli dəyər yaradacaq.







