Finss.az - 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticələrini təqdim edib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, 2025-ci ilin ən önəmli hadisələrindən biri “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq olunmasıdır. Konsepsiyanın mərkəzində “Rəqəmsal Azərbaycan” anlayışı dayanır və rəqəmsal inkişaf rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes olmaqla üç sütun üzərində formalaşdırılır. Bu infrastrukturun əsasını isə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) təşkil edir.
2025-ci il ərzində dövlət qurumlarında rəqəmsallaşmanın səviyyəsinin qiymətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib, informasiya ehtiyatları və sistemləri təhlil olunub. Nəticədə 25 dövlət qurumu ilə 17 Yol Xəritəsi hazırlanıb.
“mygov” platforması üzrə göstəricilər belə olub:
- Platformadan istifadəçi sayı 2 milyonu ötüb (2,3 dəfə artım)
- Rəqəmsal sənədlərdən istifadə 2,6 milyon (2 dəfədən çox artım)
- Rəqəmsal xidmətlərin istifadəsi 366 min (17 dəfə artım)
“mygov ID” funksional imkanları və inteqrasiya mühiti genişləndirilib, 100-dən çox dövlət və özəl informasiya sistemi platformaya inteqrasiya olunub. Platformaya 800 minə yaxın yeni istifadəçi qoşulub, ümumi istifadəçi sayı 5 milyonu keçib.
İnnovasiya ekosistemində 2025-ci ildə:
- 300-dən çox işlək məhsul (MVP) yaradılıb
- 40-a yaxın inkubasiya və akselerasiya proqramı təşkil olunub
- İnnovasiya infrastrukturu çərçivəsində Naxçıvan Dövlət Universiteti və Gəncə Aqrar Universitetində İnnovasiya Mərkəzləri, eləcə də ADNSU-də Araşdırma və İnkişaf laboratoriyası fəaliyyətə başlayıb
Texnopark üzrə göstəricilər:
- 2025-ci ildə 43 yerli və 4 xarici şirkət, ümumilikdə 47 şirkət qeydiyyat şəhadətnaməsi alıb
- 2023–2025-ci illərdə 155 yerli və 10 xarici şirkət, ümumilikdə 165 şirkət Texnoparkda qeydiyyatdan keçib
İRİA-nın təşəbbüsü ilə şirkətlərin İKT məhsulları və rəqəmsal hökumət xidmətlərinin Orta Asiya və Afrika ölkələrinə ixracı davam etdirilib. Həmçinin, dünya lideri “EPAM Systems” Azərbaycanda fəaliyyətə başlayıb və irimiqyaslı rəqəmsallaşma layihələrini həyata keçirəcək.
Rəqəmsal səriştələrin gücləndirilməsi sahəsində 2025-ci ildə:
- 500-dən çox iştirakçı müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb
- “IT SkillsBridge” proqramında ilkin mərhələdə 114, cari mərhələdə 138–149 nəfər intensiv təlimlərdə iştirak edib
- Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 200 məzun hazırlanıb
Nüvə tədqiqatları sahəsində elmi-tədqiqat potensialı gücləndirilib, beynəlxalq əməkdaşlıq genişləndirilib və qabaqcıl texnologiyalar tətbiq olunub.
Fuad Mədətov
Finss.az




