Finss.az - İlon Maska məxsus kosmik şirkət SpaceX onun süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkətini satın alıb.
Bu barədə AP agentliyi şirkətin açıqlamasına istinadən xəbər yayıb.
Mask hesab edir ki, SpaceX və xAI-nin birləşdirilməsi raket texnologiyaları, peyk rabitəsi, süni intellekt həlləri və kosmosda məlumat emalı infrastrukturu daxil olmaqla şaquli inteqrasiya olunmuş innovasiya kompleksi formalaşdıracaq. Bundan əvvəl xAI Maskın sahibi olduğu X sosial platforması ilə də birləşdirilmişdi.
Mask daha əvvəl dəfələrlə bildirib ki, süni intellekt sistemlərinin inkişafı üçün tələb olunan böyük enerji və resurs xərclərini azaltmaq məqsədilə məlumat emalı mərkəzlərinin kosmosda qurulması texnologiyalarını sürətləndirmək lazımdır. Sahibkarın fikrincə, bu məqsədə birləşmiş şirkət çərçivəsində nail olmaq daha asan olacaq.
Mask SpaceX-in saytında qeyd edib ki, uzunmüddətli perspektivdə süni intellektin miqyaslanmasının yeganə real yolu kosmos infrastrukturu üzərindən mümkündür.
Onun qiymətləndirməsinə görə, yaxın 2–3 il ərzində süni intellekt üçün hesablama güclərinin yaradılmasının ən ucuz üsulu məhz kosmos platformaları olacaq.
Məlumata görə, bu sövdələşmə həm də SpaceX-in 2026-cı ildə planlaşdırılan genişmiqyaslı ilkin səhmlərin kütləvi yerləşdirilməsinə (IPO) hazırlıq mərhələsi kimi qiymətləndirilir. Bloomberg daha əvvəl SpaceX və xAI arasında birləşmə danışıqlarının irəli mərhələdə olduğunu yazmışdı. Bildirilirdi ki, bəzi investorlar artıq bu planlar barədə məlumatlandırılıb. SpaceX-in daha əvvəl Tesla ilə də mümkün birləşməni nəzərdən keçirdiyi qeyd olunur.
