IKT

19 Yanvar

Vyetnam Texnologiyada Yeni Mərhələyə Keçir

Finss.az xəbər verir ki, dövlətə məxsus Viettel telekommunikasiya şirkəti Vyetnamın ilk yarımkeçirici istehsal zavodunun tikintisinə başlayıb. Şirkətin açıqlamasına görə, tikinti işlərinin başa çatdırılması və pilot istehsalın başlanması 2027-ci ilin sonuna planlaşdırılır.

Məlumata əsasən, zavodun tikintisi Hanoyun kənarında yerləşən Hoa Lak Yüksək Texnologiyalar Parkında, 27 hektar ərazidə həyata keçirilir. Yerli medianın məlumatına görə, təməlqoyma mərasimində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam və Baş nazir Fam Min Trin iştirak edib. Bu fakt layihənin ölkə üçün strateji əhəmiyyət daşıdığını göstərir.

Zavod istismara verildikdən sonra aerokosmik sənaye, telekommunikasiya, Əşyaların İnterneti (IoT), avtomobil istehsalı, tibbi avadanlıq və avtomatlaşdırma sektorları üçün yarımkeçirici məhsulların tədarükünü həyata keçirə biləcək.

Analitiklərin fikrincə, bu layihə Vyetnamın yüksək texnologiyalar və qlobal çip tədarük zəncirində mövqeyinin güclənməsinə, həmçinin ölkənin texnoloji müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək.