Finss.az - Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin daha şəffaf, operativ və müasir tələblərə uyğun şəkildə yoxlanılması və izlənilməsi məqsədilə rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Bu çərçivədə “My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib.
Yeni rəqəmsal platforma vasitəsilə dənizçilər sənədlərini vahid mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistem dənizçilərin sertifikatlarının (diplomlarının), xüsusi hazırlıq şəhadətnamələrinin statusunu, həmin sənədlərin elektron formalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlayn müraciətlərin göndərilməsi və cavabların alınmasını, eləcə də müxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin əldə olunmasını təmin edir.
Bundan əlavə, yaxın vaxtlarda DDLA-da keçirilən bütün imtahanların nəticələrinin də “My Cabinet” platforması üzərindən təqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərin etibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkan yaradacaq, eyni zamanda saxtalaşdırma hallarının minimuma endirilməsində mühüm rol oynayacaq.
DDLA tərəfindən həyata keçirilən bu təşəbbüs dənizçilik sahəsində rəqəmsal transformasiyanın genişləndirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına yönəlib.
İstifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (//seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.


