IKT

05 Yanvar

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

Finss.az - “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index) 8-ci buraxılışı nəşr olunub. 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan 195 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Ölkəmiz “49,0” ümumi bal toplayaraq Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyib, həmçinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib. 2025-ci il buraxılışında qiymətləndirmənin 195 ölkə üzrə aparılması indeksin indiyədək topladığı ən əhatəli məlumat bazasına istinad etdiyini göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib ki, “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” artıq qlobal süni intellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur, hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə və istiqamətləndirmə aləti rolunu oynayır. 

Sonuncu buraxılışda metodologiyanın genişlənməsi hökumətlərin prioritetlərindən asılı olaraq həm süni intellektə xas, həm də daha geniş iqtisadi və institusional göstəricilərin ölçülməsini zəruri edib. Bu səbəbdən çərçivəyə müxtəlif siyasət alətləri, iqtisadi ölçülər və tənzimləyici yanaşmalar üzrə göstəricilər daxil edilib. Məsələn, bəzi ölkələr hüquqi çərçivə formalaşdırmağa üstünlük verdiyi halda, digərləri oxşar ictimai məqsədlərə “yumşaq hüquq” (soft law) mexanizmləri vasitəsilə nail olmağı hədəfləyir.

2025-ci il buraxılışında qiymətləndirmə əvvəlki ildən fərqli olaraq 6 əsas istiqamət üzrə aparılıb.  Azərbaycanın göstəriciləri xüsusilə dövlət sektorunda tətbiq və dayanıqlılıq istiqamətlərində yüksəkdir.  Belə ki, ölkəmiz “Dövlət sektorunda tətbiq” (Public Sector Adoption) üzrə 66,97 bal, “Dayanıqlılıq” (Resilience) üzrə 58,27 bal, “Siyasət potensialı” (Policy Capacity) üzrə 53,50 bal, “İdarəetmə” (Governance) üzrə 50,00 bal, “Süni intellekt infrastrukturu” (AI Infrastructure) üzrə 46,21 bal, “İnkişaf və diffuziya” (Development and Diffusion)  üzrə 34,73 bal nəticə göstərib. Aygün Əhmədova qeyd edib ki, bu göstəricilər Azərbaycanın süni intellekt sahəsində diqqətinin tədricən institusional tətbiqə və ictimai faydaya yönəldiyini, növbəti mərhələdə isə insan kapitalı və yerli süni intellekt ekosisteminin gücləndirilməsinin əsas prioritet kimi ön plana çıxdığını nümayiş etdirir.

 “Oxford Insights” 2025-ci il buraxılışı yeni tədqiqat sualına cavab verməyi hədəfləyib: “Hökumət süni intellekti ictimai fayda naminə nə dərəcədə səfərbər edə bilir?” Bu yanaşmada dövlətlərin süni intellekti vətəndaşların rifahı üçün müxtəlif formalarda necə istifadə etdiyini dəyərləndirmək imkanı yaranır. Bura ictimai xidmətlərdən tutmuş təhsil və səhiyyə sektorları üzrə tətbiq, eləcə də 21-ci əsrin rəqəmsal iqtisadiyyatı üçün zəruri bacarıq və ekspert potensialının formalaşdırılmasında hökumətin rolu aid edilir.

Aygün Əhmədova vurğulayıb ki, son illər Azərbaycanda süni intellektin inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə qəbul olunmuş strateji sənədlər qeyd olunan beynəlxalq meyarlarla uzlaşır. Həm “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilmiş tapşırıqlar, həm də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəfləri buna ən yaxşı nümunədir. Bu strateji çərçivələrin paralel və əlaqəli icrası Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır.