Finss.az - Azərbaycan İnnovasiya Mərkəzində NETTY2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib. Ölkədə rəqəmsal inkişafın təşviqi, innovativ yanaşmaların dəstəklənməsi və internet resurslarının keyfiyyətinin artırılması məqsədi daşıyan müsabiqə çərçivəsində bu il də ən yaxşı milli vebsaytlar, sosial media səhifələri və mobil tətbiqlər mükafatlandırılıb.
Təqdimat mərasimində əldə olunan nəticələrə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müsabiqənin qalibləri sırasında yer alıb. Belə ki, universitetin rəsmi adau.edu.az internet saytı “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyası üzrə qalib elan olunub. Bununla yanaşı, sözügedən sayt “Elm, Təhsil və Rəqəmsal savadlılıq” nominasiyası üzrə də nominant kimi qiymətləndirilib.
Bu uğur Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən rəqəmsal transformasiya strategiyasının, şəffaf informasiya siyasətinin və müasir texnoloji həllərin tətbiqinin məntiqi nəticəsidir. Universitetin rəsmi vebsaytı ali təhsil müəssisəsinin elmi, tədris və ictimai fəaliyyətinin geniş auditoriyaya əlçatan və sistemli şəkildə təqdim olunması baxımından mühüm platforma kimi çıxış edir.
Qeyd edək ki, NETTY – Azərbaycan Milli İnternet Mükafatı artıq 20 ildir ölkənin internet məkanında keyfiyyət, yaradıcılıq və innovasiyanı təşviq edən nüfuzlu müsabiqə kimi fəaliyyət göstərir və milli rəqəmsal resursların inkişafına mühüm töhfə verir.






