Finss.az - “E-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği müəyyən olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət edir.
Bildiririk ki, Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatlar, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlər, ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı, inspeksiya orqanının rəyi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarlar, ölçmə vasitələrinin yararsızlığı haqqında bildirişlər, o cümlədən ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin yaradılmasına görə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üçün istifadə haqqının məbləği müəyyən olunub.
Keyfiyyət informasiya sistemi üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 9 dekabr tarixli 382 saylı Qərarı ilə təsdiq edilmiş “Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”nda müəyyən olunub.
Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müvafiq Qayda ilə tanış olmağı tövsiyə edir.
