IKT

17 Dekabr

Bakıda dövlət rəhbərləri üçün “AI Leadership” təlimi keçirilib

16 -17 dekabr 2025-ci il tarixində Bakıda AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri üçün yüksəksəviyyəli “Artificial Intelligence (AI) Leadership” adlı təlimini həyata keçirir.

Finss.az xəbər verir ki, Stanford Engineering Center for Global Online Education-in rəhbəri Karissa Little proqramın açılış nitqi ilə çıxış edərək iştirakçıları salamladı və dövlət idarəçiliyində qərarvermə proseslərinin gücləndirilməsi, eləcə də süni intellektin məsuliyyətli tətbiqinə rəhbərlik edilməsi baxımından Sİ-yə əsaslanan liderliyin əhəmiyyətini vurğuladı.

“Texnoloji imkanlarla yanaşı, insan kapitalının inkişafı süni intellektin tətbiqi ilə bağlı uzunmüddətli transformasiyanın əsas sütunlarından biridir,” – deyə AZCON Holding-in icraçı direktorunun müşaviri Aysel Soltanova vurğulayıb. İdarəetmədə liderliyin inkişafına yönəlmiş təşəbbüslərin dövlət institutlarına süni intellekt texnologiyalarını məsuliyyətli və effektiv şəkildə tətbiq etmək imkanı verdiyi qeyd olunub.

Qeyd edək ki, “Stanford Engineering Center for Global Online Education” tərəfindən həyata keçirilən və iki gün davam edəcək təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə strateji biliklərin artırılması, məlumat yönümlü qərarvermə praktikasının gücləndirilməsi və ölkənin innovasiya ekosisteminin inkişafına institusional dəstəyin genişləndirilməsi olacaq. Təlim müddətində iştirakçılar süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri, potensial transformasiya imkanları və risklərin idarə olunması ilə bağlı qabaqcıl beynəlxalq yanaşmalarla tanış olurlar.

Bakıya səfər edən Stanford təlimçiləri tədrisi üç əsas strateji istiqamət – süni intellekt ekosistemi, süni intellekt ilə güclənən təşkilatlar, təsir üçün süni intellekt innovasiyası üzrə həyata keçirirlər.

Proqramı uğurla tamamlayan iştirakçılara “Stanford Engineering Center for Global Online Education” tərəfindən sertifikatlar təqdim olunacaq.

Milli Süni İntellekt Mərkəzi (MSİM) haqqında
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Azərbaycanın süni intellekt sahəsində institusional liderliyini gücləndirmək məqsədilə yüksəkixtisaslı kadr hazırlığı, innovativ süni intellekt həllərinin inkişafı və milli əhəmiyyətli tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir.
Mərkəz dövlət qurumları, sənaye və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin süni intellekt potensialının inkişafına dəstək verir.