Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının final mərhələsinin sərgisi keçirilib.
Sərgidə proqramın bütün mərhələlərini uğurla tamamlamış 30-dan çox startap iştirak edib. Finalçılar sırasında Azərbaycanla yanaşı, Pakistan və Türkiyədən olan komandalar yer alıb. Startapların təqdim etdiyi layihələr yaşıl enerji və rəqəmsal həllər kimi proqramın prioritet istiqamətlərini əhatə etməklə yanaşı, tibb, aqrar sektor, süni intellekt, turizm, kimya sənayesi, təhsil və digər sahələr üzrə geniş spektrli innovasiyaları özündə birləşdirib. Komandalar öz sahələrində mövcud problemlərin aradan qaldırılması məqsədi ilə müasir texnoloji platformalar, xüsusi təyinatlı cihazlar, proqram təminatları, rəqəmsal alətlər və müxtəlif tətbiqlər formasında hazırlanmış həllər təqdim ediblər.
Tədbir çərçivəsində layihələr Azərbaycan, ABŞ, Malta və Türkiyənin qabaqcıl şirkətlərini təmsil edən mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesində innovativlik, texnoloji tətbiq səviyyəsi, bazar potensialı, komanda qabiliyyəti və kommersiyalaşdırma imkanları kimi meyarlar əsas götürülür. Yekun nəticələr əsasında ən perspektivli hesab edilən 7 startap final mərhələsinin növbəti hissəsində – “Pitch Day”də öz layihələrini geniş auditoriyaya təqdim etmək hüququ qazanacaq.
Sərgi həmçinin geniş ekosistem nümayəndələrinin iştirakı ilə diqqət çəkib. Tədbirin qonaqları sırasında müxtəlif dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, bank sektoru və özəl şirkətlərin təmsilçiləri, eləcə də inkubasiya və akselerasiya mərkəzlərinin nümayəndələri və vençur fondlarını yer alıb. Bu isə startapların tərəfdaşlıq, investisiya və təcrübə mübadiləsi baxımından yeni imkanlar əldə etməsinə şərait yaradıb.
“Startup School 3” layihəsi və “Yaşıl və Rəqəmsal İpək Yolu” akselerasiya proqramı innovasiya ekosisteminin inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə və rəqəmsal transformasiya istiqamətində yeni təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verməkdədir.



