Finss.az xəbər verir ki, Amerika süni intellekt (Sİ) şirkəti Meta-nın (ekstremist təşkilat kimi tanınıb və Rusiyada qadağan edilib) baş elmi işçisi, məşhur alim Yann LeCun ilin sonunda şirkətdən ayrılacağını açıqlayıb. Bu barədə o, şəxsi LinkedIn hesabında bildirib.
LeCun qeyd edib ki, Meta ilə əməkdaşlığı davam etdirəcək, eyni zamanda süni intellekt sahəsində yeni “böyük inqilab” yaratmağı hədəfləyən öz startapını qurur. Onun sözlərinə görə, yeni şirkət “fiziki dünyanı anlayan, davamlı yaddaşa malik və mürəkkəb hərəkət ardıcıllığını planlaşdıra bilən sistemlər” üzərində işləyəcək. Alim bu növ texnologiyanı “inkişaf etmiş maşın zəka” adlandırıb və onun bir çox sahədə tətbiq olunacağını, hətta bəzilərinin Meta-nın kommersiya maraqları ilə üst-üstə düşə biləcəyini vurğulayıb.
Meta nümayəndələri The Wall Street Journal-a LeCunun şirkətdən ayrılmasını təsdiqləsələr də, əlavə şərh verməkdən imtina ediblər. Ötən həftə nəşr yazmışdı ki, LeCun həmkarları və potensial tərəfdaşları ilə yeni startapı barədə danışıqlar aparır və investorlarla görüşür.
Türinq mükafatı laureatı Yann LeCun müasir süni intellekt elminin əsas qurucularından biri hesab olunur və onun araşdırmaları Sİ texnologiyalarının inkişafında mühüm rol oynayıb.
