Finss.az - Məlumatların işarələnməsi (etiketlənməsi) sahəsində ixtisaslaşmış ABŞ texnologiya şirkəti Scale AI, ümumi işçi qüvvəsinin 14%-ni ixtisar edərək 200 daimi əməkdaşla yollarını ayırıb.
Bu qərar, şirkətin Meta Platforms Inc.-dan 14,3 milyard dollarlıq sərmayə almasından və baş direktorunun Meta-ya keçməsindən cəmi bir ay sonraya təsadüf edir.
Bloomberg-in məlumatına görə, Scale-in sözçüsü Co Osborn bildirib ki, şirkət eyni zamanda 1000-dən çox beynəlxalq podratçısından 500-ü ilə əməkdaşlığı dayandıracaq. Osborn bu addımı əməliyyat sürətinin artırılması və idarəetmənin optimallaşdırılması məqsədi ilə atıldığını qeyd edib.
Şirkətin müvəqqəti baş direktoru Ceyson Druj isə əməkdaşlara ünvanladığı daxili məktubda bildirib ki, son bir ildəki sürətli genişlənmə nəticəsində təşkilatda həddindən artıq bürokratiya və idarəetmə qatları yaranıb. Bu da komanda effektivliyini zəiflətdiyi üçün struktur dəyişikliyi qaçılmaz olub.
Druj əlavə edib ki, bazar tələbindəki dəyişikliklər də bu qərarın əsas səbəblərindəndir. Meta ilə əməkdaşlıqdan sonra OpenAI və Alphabet Inc.-ə məxsus Google kimi böyük müştərilər Scale ilə əməkdaşlıqlarını azaldıb və ya tamamilə dayandırıb.
Scale AI ixtisarlara baxmayaraq, satış və dövlət sektoruna yönəlik digər sahələrdə işçi sayını artırmaq niyyətindədir.