IKT

24 İyun

Yeni standartlar İT infrastrukturu və internet xidmətlərini əhatə edəcək

Finss.az - Azərbaycan Standartlaşdırma İnstitutu informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işləri sürətləndirir.

Bu barədə açıqlamasında institutun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib ki, indiyədək tətbiq edilən informasiya təhlükəsizliyi standartları artıq müasir texnoloji çağırışlara cavab vermir və kifayət qədər effektiv sayılmır.

“Mövcud standartlar informasiya təhlükəsizliyi sahəsində geniş əhatəli deyil və aktual deyil. Hazırda biz bu sahədə daha geniş, müasir tələblərə uyğun, beynəlxalq təcrübəyə əsaslanan yeni standartlar hazırlayırıq”, — deyə Kəmalə Məmmədzadə vurğulayıb.

Yeni standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmayacaq, həmçinin internet xidmətləri, informasiya axını, provayderlərin fəaliyyəti və digər əlaqəli sahələri də əhatə edəcək. Bu, ölkədə informasiya təhlükəsizliyinin artırılması və rəqəmsal ekosistemin mühafizəsi üçün vacib addım kimi qiymətləndirilir.