Finss.az - Dünyanın aparıcı maliyyə qurumlarından biri olan UBS bankı analitiklərini süni intellekt əsasında yaradılmış rəqəmsal avatarlar şəklində təqdim etməyə başlayıb.
Bank bu yeni texnologiya ilə müştərilərə daha interaktiv və innovativ formada analitik hesabatlar təqdim etməyi hədəfləyir.
Financial Times-ın məlumatına görə, UBS-in investisiya bölməsinin texnologiyalar üzrə rəhbəri Skott Solomon bildirib ki, süni intellekt vasitəsilə hazırlanmış videolar personalın gündəlik, təkrarlanan iş yükünü azaltmaq və əməkdaşların daha strateji və dəyərli işlərə fokuslanmasını təmin etmək məqsədilə tətbiq olunur.
UBS OpenAI modelləri və Synthesia platformasından istifadə edərək analitiklərin səsini və obrazını studiyada qeyd edir. Sonra süni intellekt həmin məlumatlar əsasında ssenari tərtib edir və avatar videonu səsləndirir. Hər video deepfake texnologiyası əsasında hazırlanır, lakin süni intellekt tərəfindən yaradıldığı barədə aydın qeyd yerləşdirilir və analitik tərəfindən son təsdiq alınır.
Bankın məqsədi ildə 5 min video hazırlamaqdır. Hal-hazırda UBS ildə 50 min analitik sənəd hazırlayır, lakin ənənəvi videolar yalnız 1 min civarında olurdu. Qısa video formatlarının, xüsusilə TikTok-un populyarlığının artması ilə, video analitikaların baxışı da əhəmiyyətli dərəcədə yüksəlib.
Solomon qeyd edib ki, texnologiya hələ bəzi ləhcələrdə çətinlik çəkir, bu səbəbdən sistem könüllü əsasda və HR şöbəsinin razılığı ilə tətbiq olunur. UBS vurğulayır ki, məqsəd canlı analitiklərin əvəz olunması deyil, onların ideyalarının çatdırılması üçün yeni vasitələr yaratmaqdır.
Maliyyə sektorunda generativ süni intellekt məhsullarının tətbiqi sürətlə artır. Məsələn, investisiya bankirini təqlid edən chat-bot hazırlayan Rogo startapı son vaxtlar 50 milyon dollar yatırım cəlb edib və 350 milyon dollar qiymətləndirilib.