IKT

11 Mart

Azərbaycan internet sürətində qlobal reytinqdə 30 pillə irəliləyib

Azərbaycan son illərdə internet sürətində əhəmiyyətli irəliləyiş əldə edib. 2021-ci ildən sonra ölkə orta internet sürətinə görə 154 ölkə arasında 30 pillə irəliləyərək 91-ci pilləyə yüksəlib.

Finss.az xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov “Onlayn Azərbaycan: Rəqəmsallaşmada yeni mərhələ” tədbirində məlumat verib.

Onun sözlərinə görə, fiber-optik bağlantıların penetrasiya səviyyəsinə görə dünya ölkələri arasında lider mövqeyi 99,3% yayılma dərəcəsi ilə Birləşmiş Ərəb Əmirlikləri tutur. Sinqapur isə 95-97% göstərici ilə ikinci yerdə qərarlaşıb. Azərbaycan isə BMT-nin Elektron Hökumət İnkişaf İndeksində son bir il ərzində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Bu, ölkənin tarixində ən yüksək göstəricidir və Azərbaycan ilk dəfə olaraq rəqəmsal idarəçilik reytinqində ən yüksək kateqoriyaya daxil olub.

Ölkədə internet infrastrukturunun inkişafına gəlincə, 2024-cü ilin sonuna qədər təqdim olunan internet sürəti 86 Mbps olub. Bundan əlavə, orta internet sürəti son bir il ərzində 4 dəfə artaraq 66 Mbps-ə çatdırılıb. Bu, Azərbaycanın rəqəmsal transformasiya istiqamətində atdığı addımların uğurlu nəticəsidir.

Fuad Mədətov
Finss.az