Finss.az - Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Poçt rabitəsi şöbəsinin müdiri Vüqar Səmədov fevralın 17-21-də İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurasının (PƏŞ) iclasında iştirak edib.
Bu tədbir 2025-ci ildə Dubayda baş tutacaq Konqresdən əvvəl son strateji görüş olaraq dünyanın 50-dən çox ölkəsindən 300-dən artıq nümayəndəni bir araya gətirib.
Bir həftə davam edən iclasda qlobal poçt xidmətlərinin gələcəyini formalaşdıracaq Dubay Dünya Poçt Strategiyası və Biznes Planının müzakirəsi aparılıb. Eyni zamanda PƏŞ-in əsas vəzifələrindən biri olaraq poçt xidmətlərinin modernləşdirilməsi və beynəlxalq əlaqələrin daha səmərəli qurulması istiqamətində mühüm addımlar atılıb.
Bu iclasın əsas məqamlarından biri ÜPİ-nin “Electronic Advanced Data” (EAD) sisteminin gücləndirilməsi ilə bağlı yeni təşəbbüsüdür. “Zonos” və “Hurricane Commerce” kimi qabaqcıl beynəlxalq texnologiya şirkətləri ilə inteqrasiyalar nəticəsində ÜPİ-nin Gömrük Bəyannaməsi Sistemi (CDS) daha da təkmilləşdiriləcək. Yeni təqdim olunan “CDS 2024 Service Pack 1” poçt rabitəsi operatorlarına gömrük prosedurlarını daha effektiv idarə etməyə imkan yaradacaq.
Dubay Konqresinin yaxınlaşması ilə bu iclas ÜPİ-nin növbəti strategiya dövrü üçün siyasət və prioritetlərin müəyyən olunması baxımından həlledici məqamdır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Zemfira Ms
Finss.az