Finss.az - ABŞ prezidenti Co Baydenin administrasiyası onun vəzifədən getməsinə bir neçə gün qalmış “Nvidia Corp.” kimi şirkətlərin süni intellekt çiplərinin ixracına növbəti məhdudiyyətlər qoymağı planlaşdırır ki, bu da, onun qabaqcıl texnologiyaların Çin və Rusiyanın əlinə düşməməsi səylərində son addımı olacaq.
Məsələ ilə tanış olan ekspertlərin fikrincə, ABŞ dost ölkələrdə süni intellektin inkişafını cəmləşdirmək və bütün dünyada biznesləri Amerika standartlarına uyğunlaşdırmaq məqsədi ilə məlumat mərkəzlərində istifadə edilən süni intellekt çiplərinin həm ayrı-ayrı ölkələrə, həm də şirkətlərə satışını məhdudlaşdırmaq istəyir.
Tələbin artması fonunda süni intellekt texnologiyalarının yayılmasına nəzarət etmək üçün yarımkeçiricilərin ticarətinə qoyulan məhdudiyyətlər dünyanın bir çox ölkəsinə tətbiq oluna bilər.
Verilən məlumatlara əsasən, yeni qaydalar cümə günü, yanvarın 10-da qəbul edilə bilər.
Ən yüksək səviyyədə ABŞ-ın az sayda olan müttəfiqi Amerika çiplərindən praktiki olaraq məhdudiyyətsiz faydalanmaq imkanını əldə saxlayacaq. Bu arada, rəqib ölkələrə yarımkeçiricilərin idxalı faktiki olaraq qadağan ediləcək. Və dünya ölkələrinin böyük əksəriyyəti məhdudiyyətlərlə üzləşəcək.