IKT

09 Yanvar

Sİ insan davranışlarını 85% dəqiqliklə təkrarlaya bilər

Finss.az - Yaxın vaxtlarda Google və Stanford Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilən araşdırmada süni intellektin hər hansı bir insanın davranışını 85% dəqiqliklə təkrarlaya bildiyi aşkar edilib.

Bu texnologiya yalnız 2 saat ərzində insanın xarakterini və qərar vermə bacarıqlarını süni intellekt nüsxəsində təkrarlamağa imkan verir.

Araşdırma iştirakçıları, həyat dəyərləri, sosial məsələlərə baxışları və şəxsi təcrübələri ilə bağlı sualları cavablandırmaqla yanaşı, müxtəlif məntiqi oyunlar oynayaraq qərar vermə proseslərini göstərdilər. Bu məlumatlar əsasında süni intellekt nüsxələri yaradıldı və iştirakçıların keçdiyi testlər süni intellekt tərəfindən 85% dəqiqliklə təkrarladı.

Mütəxəssislər, bu cür texnologiyaların, insanların müxtəlif sosial vəziyyətlərdə necə davranacağını proqnozlaşdırmaqda böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Bu cür məlumatlar həm də şirkətlərin yeni məhsul və xidmətlərinin bazarda necə qarşılanacağı barədə proqnozlar verməyə kömək edə bilər.

Ancaq belə inkişaf etmiş texnologiyalar, şəxsi məlumatların oğurlanması, manipulyasiya və aldatma kimi təhlükələri də gündəmə gətirir. Mütəxəssislər, süni intellektin istifadəsinin ciddi nəzarət altında olmasının vacibliyini qeyd edirlər.

Bu araşdırma, süni intellektin gələcəkdə insan davranışlarını təkrarlama və bu bilikləri müxtəlif sahələrdə tətbiq etmə potensialını ortaya qoyur. Bu texnologiyanın inkişafı, həmçinin etik və hüquqi məsələlərə dair ciddi müzakirələrin aparılmasına səbəb olacaq.