Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki-Zaqatala iqtisadi zonasına səfəri çərçivəsində Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Bu barədə Finss.az-a nazirlikdən məlumat daxil olub.
Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırma, sərgilərdə iştirak, arıçıların istehsal güclərini birləşdirməsinin gətirdiyi üstünlüklər barədə məlumat verilib. Kooperativin rəhbəri Kamran Seyidəli havaların yağıntılı keçməsinə rəğmən bu il məhsuldarlığın kifayət qədər yaxşı olduğunu bildirib. Arı ailələrinin mövsüm ərzində 5 fərqli məkana apardıqlarını deyən arıçı fermer bu amilin bal istehsalına və məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini deyib. Son illər arıçılığa marağın artdığını deyən kooperativ üzvləri hazırda Qax rayonundakı təsərrüfatlarda 30 mindən çox arı ailəsinin saxlandığını bildiriblər. Nazir “Zərqanad” Arıçılıq Məhsullarının istehsalı Kooperativinin məhsulları ilə tanış olub, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra nazir Məcnun Məmmədov Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. Nazirə Şəki-Zaqatala istisadi rayonunda son illər bağçılığa marağın artması barədə məlumat verilib. Bildirilib ki, Qax rayonunda da intensiv bağların sahəsi artır, rayon üçün ənənəvi sayılan fındıq bağları ilə yanaşı şaftalı, nektarin, gavalı, alma bağlarının əkin sahəsi genişlənir. Bağlarda aqrotexniki qulluq qaydalarının düzgün yerinə yetirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərir. İntensiv bağçılığın həm məşğulluğun artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına ciddi təsir göstərdiyini deyən fermerlər dövlət dəstəyi mexanizmlərindən davamlı yararlandıqlarını qeyd ediblər.
Nazir həmçinin səfər çərçivəsində Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, rayonda qarğıdalı əkini sahələrinin artması bu cür müəssisələrin yaradılmasını zəruri edir. Məhsul yığımı dövründə məhsulun nəmlik göstəricilərinin çox olması məhsulu uyğun qiymətə satmağa imkan vermir. İndiki halda isə qarğıdalı qurutma məntəqəsi fermerlərə öz məhsullarını standartlara uyğun şəkildə, mexaniki üsulla qurudaraq qablaşdırmaq və uzun müddət saxlamaq imkanı yaradır. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, fermerlərə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.
Məcnun Məmmədov həmçinin Qax rayonunda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub, aqroparkda dənli və dənli paxlalı bitkilərin istehsal göstəriciləri ilə maraqlanıb, yeni salınan bağlara baş çəkib.
Zemfira Ms
Finss.az