IKT

01 Avqust

Qida Təhlükəsizliyi Könüllüləri ilə AQTİ-də maarifləndirici görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən təşkil olunan təcrübə proqramı çərçivəsində “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülərlə maarifləndirici görüş keçirilib.

Fins.az xəbər verir ki, görüş zamanı AQTİ-nin “Xidmətlərin təşkili” departamentinin mütəxəssisləri könüllülərə müvafiq sahə ilə bağlı məlumat verib, onlarla öz təcrübələrini bölüşüblər. Həmçinin könüllülər AQTİ-nin qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif etdiyi xidmətlər barədə məlumatlandırılıb.

Təcrübə proqramın təşkil olunmasında əsas məqsəd qida təhlükəsizliyi sahəsi ilə bağlı ixtisaslara yiyələnən gənclərə dəstək vermək, onların ixtisaslarını daha dərindən öyrənmələrinə və praktiki təcrübə qazanmalarına kömək göstərmək, həmçinin müvafiq sahədə kadr ehtiyatının yaradılmasını təmin etməkdən ibarətdir.

Sonda mövzu ilə bağlı könüllülərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvü olan könüllülərin inkişafı istiqamətində tədbirlər görülür. Onlar təcrübə proqramlarına, infoturlara, həmçinin maarifləndirmə işlərinin və sorğuların aparılmasına  cəlb edilirlər. Eləcə də bu çərçivədə ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq qurulur, müvafiq işlər görülür. Könüllülərdən ibarət məlumat bazasının yaradılması və onların mükafatlandırılmasının həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir.