Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk iki günündə kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə 696,4 kiloqram yaş barama təhvil verilib.
Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 28 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 700 qutu, yəni 13,3 kiloqram ipəkqurdu paylanılıb.
Rayon üzrə ilk olaraq məntəqəyə Katex kənd sakini Abdulla Şoranov 78 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 38 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Mövsümün ilk günlərində Yeni Şərif kəndindən Arif Zirnixov məntəqəyə 167 kiloqram, Şambul kəndindən Ramil Zurnayev 120 kiloqram, Qazma kəndindən Səməd Atayev 75,4 kiloqram, Püştətala və digər kəndlərin kümçüləri isə 256 kiloqram yaş barama təhvil veriblər.
Rayonda barama tədarükü davam edir.