2024-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1444,6 milyon manat təşkil edib ki, onun da 1368,5 milyon manatı heyvandarlıq, 76,1 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,0 faiz, bitkiçilik məhsulları istehsalı 2,9 faiz artıb.
Rüb ərzində 121,5 min hektar sahədə və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 20,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 3,0 min hektarı dən üçün qarğıdalı), 27,1 min hektar sahədə kartof, 27,3 min hektar sahədə tərəvəz, 3,5 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə şəkər çuğunduru, 36,5 min hektar sahədə çoxillik otlar və 3,5 min hektar sahədə birillik otlar əkilib.
Qeyd olunan dövrdə təsərrüfatlarda yanvar-mart aylarında 96,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.