Toxumçuluq sahəsi üzrə qüvvədə olan hüquqi aktların müddəaları müasir dövrün reallıqlarına (təkmil beynəlxalq təcrübələrə) tam cavab verməməklə faktiki olaraq toxumçuluğun inkişafında institusional və funksional məhdudiyyətlər yaradıb, o cümlədən ilkin toxumçuluq mərhələsində toxumların (Orijinal, Super Elit və Elit sinifli) artırılması fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini (dövlət-özəl və ya özəl mülkiyyət mənsubiyyətli təsərrüfat subyektlərinin timsalında), yerli hibrid toxumçuluğunun inkişafını təşviq etməmiş, eləcə də toxumların (o cümlədən, qablaşdırılmalı olan sort nümunələrinin) dövriyyəsinin bütün mərhələlərində (idxal, dövlət sınağı, yerli alış, reproduksiya, satış, emal, utilizasiya və s.) sənədləşmə reqlamentini və nəzarət prosedurlarını tənzimləməyib.
Fins.az-nın xəbərinə görə, bu, Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində yer alan “Toxumçuluq sahəsində fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələri haqqında” auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, əvvəlki illərdə Elit sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və (və ya) Kənd Təsərrüfatı Nazirliyinin Elit toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilib, eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2%-ni, 2022-ci ildə 53,7%-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyan dövründə müvafiq əkin sahələri bəyan olunmayıb.
Qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və (və ya) reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir.
Eyni zamanda 2020-2022-ci illər ərzində hər-hansı qarşılıqlı razılaşma olmadan Aqrar Xidmətlər Agentliyi tərəfindən tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsi dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərilmiş və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum tərəfindən 296 sortun dövlət sınağının qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığı rəsmiləşdirilmişdir ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.