IKT

21 Mart

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib

Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Fins.az xəbər verir ki, Qazaxıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov toplantıda iştirak edib.

Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparov TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən nazir Məcnun Məmmədov bildirib ki, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu əməkdaşlığın genişləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov ölkəmizin həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinin TDT ölkələri arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafına verə biləcəyi töhfə barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir. Nazir Məcnun Məmmədov TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı pilot layihəyə başlanılması, təşkilat daxilində ümumi kənd təsərrüfatı sığortası sisteminin tətbiqi imkanlarının araşdırılmasını təklif edib.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Toplantıda işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub.

Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğu diqqətə çatdırılıb.

Öncədən müəyyən edilən meyarlar əsasında 2024-cü ilin sentyabr ayından etibarən Qazaxıstanın Taraz şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan edilib. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qırğızıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısının Yekun Bəyannaməsi qəbul olunub.

Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı çərçivəsində təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin dövlət qurumları və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətlərinin III Aqrobiznes Forumu keçirilib. Həmçinin, toplantı iştirakçıları “KazAgroJambyl-2024” beynəlxalq kənd təsərrüfatı forumu çərçivəsində təşkil olunan sərgiyə baş çəkiblər.

Nazir Məcnun Məmmədov səfər çərçivəsində Qazaxıstan və Özbəkistanın kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərərfli əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.