IKT

15 Fevral

Gilas bağı necə sığorta olunur?

Son illər Azərbaycanda sürətlə yayılan və böyük gəlir gətirən meyvələrdən biri də gilasdır. Təqribi hesablamalara əsasən, son 3 ildə bu meyvənin ixracından ölkəyə 120 milyon dollar vəsait daxil olub və bu rəqəm hər il artmaqdadır.

Aqrar Sığorta Fondunun məlumatına görə, ümumilikdə 12 000 hektar ərazidə becərilən gilas Azərbaycanda kütləvi şəkildə əkilən meyvələrdəndir – gilas bağları ölkənin demək olar ki, bütün ərazisində – 65 rayonda mövcuddur.

Ərazisinə görə ən çox gilas bağları Xaçmaz rayonunda (4422 ha) yerləşir. Qubada gilas bağlarının sahəsi 2317 hektar, Qusarda 800 hektar, Şabranda 595 hektar, Şəmkirdə 233 hektar, Ağdaşda 220 hektardır. Rütubətə tələbkar bitki olan gilas istehsalının təxminən 45%-i ölkənin Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür.

Gilas bağlarının 2900 hektarını, yəni təqribən dörddə birini daha məhsuldar olan intensiv və superintensiv bağlar təşkil edir. Bağların sürətlə artması gilasın ixracına da təsir edir. Son 3 ildə ixrac olunan gilasın miqdarı 2 dəfə artıb.

Belə ki, 2021-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 31,1 milyon dollar olan 19,4 min ton gilas ixrac edilib. 2022-ci ildə ixrac olunan gilasın həcmi 10 min ton artaraq 29,2 min tona, ixracdan gələn gəlir isə 41,6 milyon dollara yüksəlib.

2023-cü ilin 11 ayında isə ölkədən ümumi dəyəri 44,6 milyon dollar olan 35,6 min ton gilas ixrac edilib.

Bu sahəyə yatırılan vəsaiti, ölkə iqtisadiyyatına gətirdiyi gəliri və artan ixrac imkanlarını nəzərə aldıqda, gilas bağlarının müxtəlif risklərdən sığortalanması çox vacibdir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan və 41 bitkini əhatə edən aqrar sığorta vasitəsilə gilas bağlarını da sığortalamaq mümkündür.

Gilas təbiət hadisələrinə və ətraf təsirlərə həssas bitki olduğuna görə, onun sığortalanması xüsusilə vacibdir. Aqrar sığorta mexanizmi vasitəsilə gilas bağını müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür (baza sığorta zərfi).

Sığorta tarifi və onun əsasında hesablanan sığorta haqqı isə müxtəlif regionlar üzrə fərqlidir. Burada əsas məqam hesablanan sığorta haqqının 50%-nin fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilməsidir.

Məsələn, 1000 manatlıq gilas məhsulunun baza sığorta zərfi ilə sığorta edilməsi fermerə Quba-Xaçmaz regionunda 20 manata, Dağlıq Şirvan regionunda 24 manata, Mərkəzi Aran, Lənkəran-Astara və Şirvan-Salyan regionlarında 18 manata başa gəlir.

Bu rəqəm Qazax-Tovuz və Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarında 39 manat, Şəki-Zaqatalada 33 manat təşkil edir.

Bundan başqa, əlavə ödəniş müqabilində gilas bağının meyvəsini şaxtavurma (donvurma), yağmur, doludan keyfiyyət itkisi kimi vacib risklərdən də sığortalamaq olar.

Aqrar sığorta vasitəsilə gilas ağaclarını da ayrıca sığortalamaq mümkündür. Bu zaman ağac məhv olduğu təqdirdə, onun 3 illik meyvəsinin dəyəri qədər ödəniş edilir – bu sığorta üçün sığorta tarifi ölkənin bütün ərazisində 0,83% təşkil edir.

Məsələn, ildə 50 manatlıq məhsul verən 1 gilas ağacının çoxsaylı risklərdən qorunması üçün sığorta haqqı cəmi 1,26 manat, fermerin ödədiyi məbləğ isə cəmi 0,63 manatdır.

Artıq Aqrar Sığorta Fondu gilas bağları üzrə sığorta ödənişlərinə başlayıb – 2023-cü ilin sonunda İsmayıllıda yerləşən gilas bağlarında təbiət hadisəsi nəticəsində dəyən zərərə görə 2 fermerə 42 min manat sığorta ödənişi edilib.

Ümumilikdə 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən əkin sahələrinə, bağçılıq və heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə fermerlərə ümumilikdə 4,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu, 2022-ci illə müqayisədə 80% artıqdır.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.