IKT

09 Fevral

10-11 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 10-11 fevral tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Qurumdan Fins.az-a verilən məlumata görə, yarmarkada ümumilikdə 20 regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən də faydalana biləcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Fuad Mədətov
Fins.az