Qazaxıstan Xorvatiyanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun logistika və infrastruktur layihələrində fəal iştirak etməyə çağırıb, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.
Fins.az xəbər verir ki, bu barədə Zaqrebdə (Xorvatiya) keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Xorvatiya hökumətlərarası komissiyasının 1-ci iclasında bildirilib.
Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər ticarət, energetika, nəqliyyat, infrastruktur, maşınqayırma, kənd təsərrüfatı kimi sahələrdə gələcək inkişaf məsələlərini müzakirə ediblər.
Qeyd olunur ki, Qazaxıstan və Xorvatiya dövlətlərarası münasibətlərin bir çox spektrləri üzrə sabit ikitərəfli qarşılıqlı fəaliyyət səviyyəsinə malikdir. 2023-cü ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 335,4 milyon dollar təşkil edib.
Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov hesab edir ki, ölkələr ticarət dövriyyəsini artırmaq üçün əhəmiyyətli potensiala malikdir. Qazaxıstan-Xorvatiya İşgüzar Şurasının və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumun keçirilməsi ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm təkan olacaq.
Günel Məlikzadə
Fins.az