Cari İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İranın Azərbaycana kartof ixracı 8,3 milyon dollar dəyərində təxminən 22,4 min ton təşkil edib.
Fins.az-ın məlumatına görə, bu, İranın Kənd Təsərrüfatı və Kənd Kooperasiyaları Mərkəzi Birliyinin (Central Union of Rural And Agricultural Cooperatives of Iran) hesabatında öz əksini tapıb.
Hesabata əsasən, 9 ay ərzində İranın kartof ixracında Azərbaycan 4-cü yeri tutub.
Hesabatda qeyd olunur ki, ötən İran ilinin son üç ayı (22 dekabr 2022 – 20 mart 2023) ərzində İranın Azərbaycana kartof ixracı təxminən 6,01 milyon dollar dəyərində təxminən 15 min ton təşkil edib. Cari İran ilinin son 3 ayında (22 dekabr 2023 – 19 mart 2024) kartof ixracının daha çox olacağı gözlənilir.
Qeyd edək ki, cari İran ilinin 9 ayı ərzində İranın kartof ixracı 72,1 milyon dollar dəyərində 196 min ton təşkil edib. Kartof ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 169%, çəki baxımından 154% artıb.
Fuad Mədətov
Fins.az