IKT

08 Yanvar

Alman fermerlər ölkə boyu etiraz aksiyaları keçirirlər

Almaniyada koalisiya hökumətinin kənd təsərrüfatına subsidiyaları mərhələli şəkildə dayandırmaq planı fermerlərin böyük reaksiyasına səbəb olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, traktorları və yük maşınları ilə uzun növbələr yaradan alman fermerlər Almaniyanın bəzi bölgələrində magistral yolları bağlayaraq ölkə daxilində etirazlara başlayıblar.

Hökumətin kənd təsərrüfatında istifadə edilən dizel yanacağına vergi güzəştlərinin aradan qaldırılması planına qarşı nümayişlərə toplaşan fermerlərin etirazlarının bir həftə davam edəcəyi açıqlanıb.

Fermerlər vergi endirimlərinin sona çatmasının təsərrüfatları iflasa sürükləyəcəyini iddia edirlər.

“Əkinçi yox, yemək yox, gələcək yoxdur” yazılı etiraz plakatları ilə bəzədilmiş traktor və yük maşınlarının karvanları əsas nəqliyyatı blokadaya alarkən, bu etirazların bir çox sektorun logistikasında problemlər yaradacağı bildirilir.

Alman Fermerlər Dərnəyinin (DBV) prezidenti Joachim Rukwied Stern Magazine-ə verdiyi açıqlamada fermerlərin kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulan vergi artımlarını qəbul etməyəcəklərini, geniş təbəqələrdən aldıqları dəstəyi və həmrəyliyi itirmək istəmədiklərini ifadə etdi. 

Bu arada, keçən həftədən bəri artan fermer reaksiyaları hökumətin oyun planını dəyişdi.

Bu reaksiyalar Almaniya kansleri Olaf Şolzun koalisiyasını məhkəmə qərarı ilə təxirə salınan 2024-cü il büdcə layihəsini yekunlaşdırmaq və kənd təsərrüfatı üçün subsidiyaların kəsilməsi planlarına dəyişikliklər də daxil olmaqla gözlənilməz dəyişikliklər etmək yarışına getməsinə səbəb oldu.

Fermerlərin kənd təsərrüfatı dizelinə görə vergi güzəştini qəfil dayandırmaq əvəzinə, subsidiya bu il 40 faiz, 2025-ci ildə 30 faiz azalacaq və 2026-cı ildən sona çatacaq.

Hökumət həmçinin meşə təsərrüfatı və kənd təsərrüfatı üçün avtomobil vergilərinə güzəştli rejimin ləğvi planlarından da imtina etdi.

DBV dəyişikliklərin kifayət etmədiyini və bu həftəki etiraz planlarına sadiq qaldıqlarını açıqladı.

Günel Məlikzadə
Fins.az