Özbəkistan Prezidenti “Özbəkistan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” 2023-cü il 25 dekabr tarixli ZRU-886 nömrəli Qanunu imzalayıb.
Fins.az Norma.uz-a istinadən xəbər verir ki, ümumi daxili məhsulun artımının 5,6−5,8%, sənaye artımının 6%, xidmətlərin 6,1%, kənd təsərrüfatının 4% olacağı proqnozlaşdırılır.
2024-cü ildə gözlənilən inflyasiya 8−10% təşkil edir.
Özbəkistanın İcmal Büdcəsi üçün maksimum kəsir ÜDM-in 4%-i səviyyəsində müəyyən edilib.
Qanuna əsasən, aşağıdakı vergi növləri tam həcmdə rayon və şəhər büdcələrinə köçürülür:
- fiziki şəxslər üçün əmlak vergisi;
- fiziki şəxslərdən torpaq vergisi;
- əmlakın icarəyə verilməsindən əldə edilən illik gəlir haqqında bəyannamə əsasında ödənilən, habelə fərdi sahibkarlar tərəfindən ödənilən fiziki şəxslərin gəlir vergisi;
- elektrik stansiyalarının ödədiyi vergi istisna olmaqla, su ehtiyatlarından istifadəyə görə vergi;
- qeyri-metal tikinti materialları üzrə yerin təkindən istifadəyə görə vergi.
Sənəd Milli Qanunvericilik Bazasında dərc edilib və 01.01.2024-cü il tarixindən qüvvəyə minir.
Günel Məlikzadə
Fins.az