IKT

26 Dekabr

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Həştərxan vilayətinin kənd təsərrüfatı və balıqçılıq sənayesi naziri Ruslan Paşayev, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu bildirilib.

Tədbirdə Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin kənd təsərrüfatı müəssisələri tərəfindən aqrar sahə ilə bağlı təqdimatlar keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Həştərxan vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib.

Tərəflər Azərbaycanla Həştərxan vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Günel Məlikzadə
Fins.az