Tovuz rayonunda əkin sahələrinin suvarılması istiqamətində bir sıra işlər görülür. Əsas və vacib işlərdən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tovuz rayonunda yerləşən yerli idarəsi tərəfindən sərhəd kəndlərinin su təminatının yaxşılaşdırılmasıdır. Bunun üçün Ağdam kəndində nasos stansiyasının tikintisinə başlanılıb və artıq yekunlaşıb. Əraziyə lazımı qədər mal-material və texnika cəlb olunub.
Bu barədə Fins.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Rayonun Hacallı kəndində də bu istiqamətdə işlər yekunlaşıb. Öysüzlü kəndində isə uzunluğu 3600 metr diametri 800 mm olan boru xəttinin çəkilişinə start verilib. Bundan artıq 2600 metrdə işlər yekunlaşıb.
İdarə tərəfindən su itkisinin qarşısının alınması üçün kanallar və arxlar 226000 m3 sahədə lildən və kol-kosdan, o cümlədən 222000 m3 çay məcralarında təmizlənmə işləri aparılıb. Bundan başqa Bostam arxına 1213 metr, Əlimərdanlı arxına isə 1138 metr beton üzlük çəkilib. Balansda 45 subartezian quyusundan 424 ədədi cari təmir edilib. Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən rayon ərazisində 10 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Hazırda 3 pilləli nasos stansiyada plana uyğun olaraq uzun müddət istismar edilən və yararsız vəziyyətə düşən boru xəttinin dəyişdirilməsi işləri sürətlə davam edir.
Qeyd edək ki, Tovuz Suvarma Sistemləri İdarəsi 24000 hektara yaxın torpaq sahəsinin suvarılmasını həyata keçirir. Su mənbələri - Tovuz çay, Axınca çay, Əsrik çay, Zəyəm çay, Axınca çay su anbarı, Tovuz çay su anbarı, Kür çayının sağ sahilində inşa edilən üç pilləli nasos stansiyası, Kür çayının sol sahilində yerləşən Qızıl Ulğun nasos stansiyası və Ağstafaçay Hidroqovşağının sağ sahil kanalıdır.
Fuad Mədətov
Fins.az