IKT

28 Noyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli İmişlidə vətəndaşları qəbul edib

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli noyabrın 28-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin və məhsul subsidiyası, suvarmada yaranan çətinliklər, kənd təsərrüfatı texnikası və toxumla təminat, aqrotexniki xidmətlərin qiyməti, ərzaqlıq buğda istehsalının təşviqi, torpaq üzərində mülkiyyət hüquqlarının təyin olunması və digər məsələlərlə bağlı olub. Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb. Azad Cəfərli həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək aqrar sahədə mövcud vəziyyət, həyata keçirilən islahatlar, dövlət dəstəyi mexanizmləri, aqrar təlim proqramlarının təşkili barədə fikir mübadiləsi aparıb.

Günel Məlikzadə
Fins.az