IKT

03 Noyabr

Aqrar Tədqiqatlar Mərkəzinin departamentinin müdiri ABŞ-da GTAP modeli üzrə nailiyyət sertifikatı əldə edib

Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdiri, hazırda ABŞ-ın Purdue Universitetində Fulbrayt proqramı çərçivəsində tədqiqat aparan Pərviz Əliyev Qlobal Ticarət Təhlili – GTAP modeli və model simulyasiyalarının aparılması üzrə nailiyyət sertifikatı əldə edib.

Fins.az xəbər verir ki, GTAP (Global Trade Analysis Project) modeli bütünlükdə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sektoru üzrə qəbul olunan siyasət qərarlarının təsirlərini qiymətləndirməyə imkan verən Hesablanabilən Ümumi Tarazlıq Modelidir (Computable General Equilibrium Model). Bu modelin tətbiqi ilə kənd təsərrüfatı məhsullarına tətbiq edilən idxal rüsumlarında dəyişikliklər, yeni aqrar subsidiya növlərinin və ya aşağı faizli kreditlərin tətbiqi, vergilərin və yeni texniki standartların müəyyən edilməsi, karbon emissiyası ilə bağlı kvotaların tətbiqi və s. bu kimi tədbirlərin nəticələrinin makroiqtisadi göstəricilərə (ÜDM, məşğulluq, özünütəminetmə və s.) təsirləri proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda Aqrar Tədqiqatlar Mərkəzində AGMEMOD proqnozlaşdırıma modeli əsasında tədqiqatların aparılması üzrə ilkin təcrübə əldə olunub. GTAP modelinin də tətbiqi aqrar siyasətə dair qərarların elmi əsaslarının daha da gücləndirilməsinə imkan verir.

Fuad Mədətov
Fins.az