IKT

03 Noyabr

Tovuz rayonunda üzümçü  fermerlər üçün tarla seminarı keçirilib - FOTO

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə üzümçü fermer təsərrüfatları üçün “Üzümçülükdə innovativ becərilmə texnologiyaları, payız-qış dövründə üzümçülükdə aqronomik tədbirlər, xəstəlik və zərərvericilərə qarşı profilaktiki mübarizə üsulları” mövzusunda seminar keçirilib. 

KTN-dən Fins.az-a verilən məlumata görə, ÜŞETİ-nin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimov bildirib ki, seminarın əsas məqsədi Tovuz rayonunda fermerlərə elmi-praktiki tövsiyələr vermək, onların istehsal prosesində qarşılaşdığı problemlərin həllinə dəstək olmaqdır.

Bildiriib ki, üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, yaşıl əməliyyatlar, yarpaq alma, optimal yarpaq sahəsinin saxlanması, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə, çiçək, salxım və gilə seyrəltmə tədbirləri vaxtlı-vaxtında və düzgün həyata keçirilməlidir. Əks təqdirdə bütün bunlar zoğların boy gücünün və yetişmə dərəcəsinin həddən artıq zəifləməsinə, qida çatışmazlığından saralmalara, çiçəklərin həddən artıq tökülməsinə, gilələrin noxudlaşmasına, beləliklə, vaxtından əvvəl tənəklərin qocalmasına, hətta tənəklərin məhv olmasına səbəb olur. Məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür, səmərəlilik azalır, aqrotexniki, aqrokimyəvi və mühafizə işlərinə kifayət qədər xərc çəkilsə də istehsalçılar iqtisadi zərərə uğrayır.

Həmçinin digər rayonlarda olduğu kumi Tovuz rayonunda da üzümlüklərdə qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıq, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində yağıntıların qeyri-bərabər paylanması üzümün mövsümü becərilməsində ciddi problemlər yaratmışdır.

Vurğulanıb ki, dəmyə üzümçülüyündə nəmlikqoruyucu innovativ metodların həyata keçirilməsinə yönəlmiş tədbirlər gücləndirilməli, kultivasiya, bitkiarası becərmə, mulça örtüyü, payız, qış, yaz yağıntılarından səmərəli istifadə edilməli, yeni üzümlüklərin salınmasında quraqlığa davamlı sortların əkilməsinə üstünlük verilməlidir.

Çürümə xəstəliklərinin bir sıra səbəbləri var: üzüm salxımlarının çürüməsinin ən başlıca səbəbi oidium xəstəliyidir. Belə ki, üzüm giləsi xəstəliyə sirayətlənəndə qabıq inkişafdan qalır, yəni, gilələr böyümür. Gilənin içərisində isə olan toxumlar normal inkişaf edir. Bu da gilələrin içəridən sıxılıb partlamasına gətirib çıxarır. Nəticədə partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır. Çürümə xəstəliklərinin 2-ci səbəbi salxım yarpaqbükənin 2-ci və 3-cü nəslinin üzümün qora və yetişməkdə olan dövründə vurduğu zədələrdir. Çürümə xəstəlklərinin inkişafı hava şəraitindən də asılıdır. Uzun müddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.

Tədbirdə həmçinin İnstitut mütəxəssislərinin tədqiqat işlərinin nəticələri əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentini əldə etdikləri “Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu”nu barədə məlumat verilib. Geniş təsərrüfat sınağı keçirilmiş bu üsulun mühafizə tədbirlərinə çəkilən xərclərin azalmasını təmin etməklə, məhsulun maya dəyərinin aşağı düşməsinə kömək edəcəyi bildirilib. Qeyd olunub ki, vaxtında aparılan kompleks mübarizə tədbirləri vaxt itkisinin qarşısını alaraq, optimal müddətdə bir neçə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizənin tətbiqi, üzümlüklərə qulluq xərclərinin aşağı düşməsini təmin edir, digər tərəfdən məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır. Bu üsulu vaxtında və kompleks şəkildə tətbiq etmək fermerlərin dərmanlara çəkdikləri xərcləri azaltmaqla, məhsul itkisinin qarşısını tam alacaq.

Tədbirin yekununda problemlərin aradan qaldırılması məqsədilə təsərrüfatlarla institut arasında əməkdaşlığın mütəmadi davam etdirilməsi qərara alınıb, iştirakçılara ÜŞETİ-nin əməkdaşlarının nəşr etdirdiyi “Üzümü çürümə xəstəliklərindən qoruyaq”, “Üzümçünün təqvimi”,  “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər”, “Üzümçülükdə ekoloji (təbii) risklər və abiotik amillərin üzümə təsiri”, “Üzümün təhlükəli xəstəlik və zərərvericiləri”, “Üzüm bağlarının ekoloji risklərdən qorunma üsulları”, “Bar verən üzümlüklərdə budama, quru bağlama və yaşıl əməliyyatların aparılma qaydaları” adlı broşura və kitablar, o cümlədən üzümçülüyün müxtəlif sahələrinə həsr edilmiş  bukletlər  paylanıb.

Fuad Mədətov
Fins.az