IKT

18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə seminarı keçirilib

“Pambıq, buğda və çəltik istehsalında ağıllı kənd təsərrüfatı üzrə beynəlxalq  təcrübələrin genişləndirilməsi”nə dair layihənin müzakirəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə seminarı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, nazirliyin məsul şəxsləri, AEBA-nın eksperti Mohammad Zaman, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşları, pambıq əkini ilə məşğul olan rayonların dövlət aqrar inkişaf mərkəzlərinin və pambıq şirkətlərinin rəhbərləri iştirak edib.

Nazir müavini Elçin Zeynalov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə AEBA arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir.

2018-2019-cu illərdə nüvə texnologiyalarının tətbiqi ilə pambığın məhsuldarlığının artırılması istiqamətində “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması”na dair birinci layihə üzrə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətləri yaradılıb və həmin xətlər hazırda yeni pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarına daxil edilib.

2022-2025-ci illəri əhatə edən “Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı təcrübələrinin genişləndirilməsi” üzrə ikinci layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır.

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, hər iki layihə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində və “P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin fermer təsərrüfatlarında həyata keçirilib.

 “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi başa çatıb və nəticədə 4 il sonra  (M1, M2, M3, M4) quraqlığa və şoranlığa davamlı mutant xətlər alınıb. Layihə çərçivəsində kadr hazırlığı məsələsinə də diqqət edilib, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun 6 mütəxəssisi Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Türkiyə Atom Enerjisi Qurumunun Sarayköy Nüvə Araşdırma və Təhsil Mərkəzinə, Aydın Böyükşəhər Bələdiyyəsinin Nazilli yaşayış məntəqəsinin ərazisində yerləşən Pambıq Araşdırma İnstitutunda təlim keçib.   

“Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Ağıllı Kənd Təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi üzrə Pakistandan gətirilmiş 7 pambıq sortunun toxumlarından istifadə nəticəsində hər hektarın  məhsuldarlığı 3 tondan 8 tona çatdırılıb. Sortlar arasında “Cotton Super” sortu  ən yüksək məhsuldarlıq göstəriciləri ilə digərlərindən fərqlənib.

Layihə çərçivəsində Pakistanın Faysalabad və İslamabad şəhərlərində “Asiyada torpağın münbitliyini yaxşılaşdırmaq, şoranlıqla mübarizə aparmaq, qida maddələri və sudan istifadə səmərəliliyini artırmaq və əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı” mövzusunda keçirilən təlimdə Azərbaycanın nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev göstərilən dövlət dəstəyi və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində pambıqçılıq sahəsində inkişaf tempinin davam etdiyini və AEBA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin əlverişsiz mühit amillərinə qarşı davamlı pambıq sortlarının yaradılmasında əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər iki layihə çərçivəsində Bitki mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqları və kimyəvi maddələr alınaraq təhvil verilib.

Tədbirdə çıxış edən layihə tədqiqatçısı Səxavət Məmmədov bu təcrübələrin həm də buğda bitkisi üzrə tətbiq edilməsi istiqamətində işlərin aparıldığını və ilkin olaraq  müsbət nəticələrin əldə edildiyini bildirib. İqlimə uyğun buğda istehsalı AEBA tərəfindən hazırlanmış ağıllı kənd təsərrüfatı təcrübələri əsasında bu il respublikanın 3 rayonunun (Şəki, Beyləqan və Bərdə) fermer təsərrüfatlarında 3 variantda (ağıllı kənd təsərrüfatı, ən yaxşı regional və fermer təcrübəsi) nümayiş əkinləri aparılıb və ən yüksək məhsuldarlıq Beyləqan (80 sentner/ha) və Bərdə (78 sentner/ha) rayonlarında əldə edilib.

Kənd təsərrüfatında ağıllı nüvə və izotop sistemlərinin tətbiqi haqqında məlumat verən AEBA-nın eksperti Mohammad Zaman bu texnologiyaların insanların sağlamlığına mənfi təsir etmədiyini, həyata keçirilən sahələr üzrə prosesləri daha dəqiq məlumatlarla təmin etməyə imkan verdiyini, öz növbəsində dəqiq məlumatlar əsasında tətbiq edilmiş strategiyanın məhsuldarlıqda 60 faiz artıma səbəb olduğunu bildirib. 

Tədbir müzakirələrlə davam etdirilib, AEBA-nın eksperti fermer və şirkət rəhbərlərini maraqlandıran sualları cavablandırıb.