IKT

02 Oktyabr

Mil - Qarabağ və Aşağı Şirvan ərazilərində kollektorlar təmizlənir

Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər plana uyğun olaraq davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Bu işləri Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi həyata keçirir. Kollektorlar üzərində olan su ötürücü borular isə dəmir-beton borularla əvəzlənir. Hazırda bu işlər Aşağı Şirvan kollektorunda aparılır. Əraziyə cəlb olunan texnikalar və idarənin mütəxəssizləri tərəfindən borular dəyişdirilir.

Bu barədə Fins.az-a Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

İdarə ötən il olduğu kimi bu il də meliorativ tədbirlərini bir-neçə istiqamətdə aparır. Hazırda balansda olan kollektor-drenaj sistemləri lildən təmizlənir, nasosstansiyalarda təmir-bərpa işləri həyata keçirilir. Aparılan kompleks meliorativ tədbirlər nəticəsində uzun illər əkin üçün istifadəyə yararsız torpaqlar yenidən əkinə qaytarılır. İdarə tərəfindən cari ilin 9 ayı ərzində Kürdəmir rayonu ərazisində kollektor və drenaj şəbəkələrinin lildən təmizlənməsi 580000 m³, 190 km məsafə təşkil edib. Bundan başqa 40 ədəd hidrotexniki qurğular və bir ədəd nasos stansiyası cari təmir edilib.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi Respublikanın 6 rayonuna xidmət edir. İdarənin balansında olan kollektor-drenaj şəbəkəsi vasitəsilə həmin rayonların ərazisində yerləşən meliorasiya olunmuş sahələrə xidmət olunur.

Fuad Mədətov
Fins.az