65 min hektar münbit torpaqda məhsuldarlıq yüksəlir
Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonunda aqrar sektorun dinamik inkişafı bölgədə qida təhlükəsizliyi, əhalinin etibarlı ərzaq təminatı və sosial dayanıqlığın başlıca meyarıdır. Bölgədə kənd təsərrüfatının elmi əsaslar üzərində genişləndirilməsi, müvafiq sahələrdə yeni texnikaların və innovativ üsulların tətbiqi ümumilikdə məhsuldarlığın dinamik artımının əsasını təşkil edir.
Xüsusilə, muxtar respublikada aqrar sahə üzrə qəbul edilən müvafiq dövlət proqramlarının icrası kənd təsərrüfatında fəaliyyət sahələrinin şaxələndirilməsinə, nəticədə yüksək məhsul bolluğuna zəmin yaradır. Son dövrlər bölgənin aqrar sektorunda aparılan islahatlar, innovativ tədbirlərin həyata keçirilməsi bitkiçiliyin, heyvandarlığın, istehsal və emal sənayesinin inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Naxçıvan MR iqtisadi rayonunun inkişafında uğurla yerinə yetirilən sosial-iqtisadi dövlət proqramları Azərbaycan Respublikasında həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın reallaşmasında Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncami ilə təsdiq olunan növbəti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” mühüm önəm daşıyan bir sənətdir.
Hazırkı dövr aqrar sahədə əkinçiliyin və heyvandarlığın ayrı-ayrı sahələrinə müasir elmi yanaşma tələb edir. Naxçıvan MR iqtisadi bölgəsində əkinçiliyin, meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün qədim ənənələri var. Bu gün qarşıda duran əsas vəzifə həmin ənənələrə əsaslanaraq yerli əhalinin ərzaq təminatının yaxşılaşdırılması üçün mövcud sahələri daha da inkişaf etdirməkdir.
Sözügedən sahələrin innovativ əsaslarla genişləndirilməsi, genofondun tədqiqi və zənginləşdirilməsi, tətbiqyönümlü sortların seçilərək əkin dövriyyəsinə daxil edilməsi, aqrotexniki qulluq işlərinin modernləşdirilməsi nəticəsində sahələrdən yüksək maddi gəlirin əldə olunması, müvafiq yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və onların sıx iştirakı ilə elmi əsasların yaradılması zərurətini ortaya qoymuşdur. Azərbaycan Respublikasının ayrı-ayrı iqtisadi bölgələrində aqrar sektorun dinamik inkişafı ilə bağlı həyata keçirilən dövlət tədbirləri məhsul istehsalının artırılması, əhalinin ərzaq təminatının yüksəlməsi ilə müşayiət olunur. Naxçıvan iqtisadi rayonunda da aqrar sektorun davamlı inkişafı, modern reformaların həyata keçirilməsi, əl əməyinin azaldılması, innovativ istehsal sahələrinin yaradılması və digər sistemli hədəflərin reallaşması dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Hazırda bölgədə 65 min hektardan çox münbit torpaq sahəsində əkin aparılır. İstifadə olunmayan yararsız torpaqlar əkin dövriyyəsinə daxil edilir. Bölgədə münbit torpaqlardan səmərəli istifadə olunmalıdır. Əkinəyararlı münbit torpaq sahələrində yeni sənaye sahələrinin, zavod və fabriklərin salınması qətiyyən yolverilməzdir. Belə istehsal və emal müəssisələrinin ancaq əkinə yararsız, şorakən torpaq sahələrində salınması daha məqsədəuyğundar.
Bölgədə meliorasiya və irriqasiya sistemləri yenidən qurulur. Şoranlaşmaya qarşı tədbirlər həyata keçirilir. Torpaq sahiblərinə sahələrin fiziki-kimyəvi tərkibinə uyğun müvafiq əkin aparılması tövsiyələri verilir. Müasir kənd təsərrüfatı maşınlarının alınaraq muxtar respublikaya gətirilməsi nəticəsində sahibkarlara lizinq yolu ilə texniki xidmət sahələri genişləndirilir, yeni təsərrüfat sahələri yaradılır.
Artıq düzən dağlıqətəyi və dağlıq ərazilərdə meyvə, giləmeyvə bağlarının sahəsi genişləndirilir. Heyvandarlıq təsərrüfatının sayı isə 40-dan çoxdur. İldən-ilə süni mayalanma yolu ilə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması həyata keçirilir, arıçılıq çoxaldılır, məhsul istehsalı yüksəlir. Strateji əhəmiyyətli toxumçuluğa diqqət artırılır, fərdi təsərrüfatların genişləndirilməsi üçün hərtərəfli şərait yaradılır.
Hazırda muxtar respublikada aqrar sektorun dinamik inkişafının genişləndirilməsi üçün icrası vacib olan bir sıra problemlər öz həllini gözləyir. Belə ki, aqrar elmin qarşısında duran vəzifələrin səmərəli icrası yüksək ixtisaslı, müasir biliklərə və dünyagörüşünə malik aqronom və digər kadr potensialının yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də yeni mütəxəssis-aqronom kadrların hazırlanması üçün Naxçıvan Dövlət Universitetində ekologiya və kənd təsərrüfatı kafedrasının yenidən bərpa edilməsi, aqraryönümlü bakalavr və magistr təhsilinin bərpa edilməsi daha məqsədəuyğundur. Eyni zamanda, muxtar respublika ərazisində yayılan və becərilən kənd təsərrüfatı bitkilərinin genofondunun toplanılması, qorunması, öyrənilməsi, zənginləşdirilməsi, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi və istehsalata yönəldilməsi daha səmərəli olar.
Muxtar respublikada becərilən bitkilər üzrə seleksiya işlərinin məqsədyönlü elmi şəkildə yenidən təşkil olunması və müasir üsullarla tətbiqyönümlü və iqtisadi əhəmiyyətli yeni sortların yaradilmasi işlərinin genişləndirilməsi, həmçinin koordinasiyalaşdırılması üçün müvafiq Seleksiya proqramının hazırlanması artıq dövrün tələbidir.
İndiki vaxtda bölgədə aqrar islahatların diqqət mərkəzində saxlanılması, xüsusi təsərrüfat formaları və sahibkarlığın inkisaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin təşkilinin sürətləndirilməsi, güzəştli kreditləşdirmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinə nəzarətin artırılması və onların texnika, gübrə, habelə kimyəvi dərmanlama vasitələri ilə təminatında dövlət nəzarətinin artırılmasına ciddi ehtiyac duyulur.
Bölgədə əsas problemlərdən olan kənd təsərrüfatında becərilən bitkilərin virus, bakterial, göbələk mənşəli xəstəliklərinin və zərərvericilərinin müəyyənləşdirilməsi, onlara qarşı kimyəvi, bioloji mübarizə tədbirlərinin müasir üsullarla həyata keçirilməsi, təkmilləşdirilmiş aqrotexniki üsullarla ekoloji cəhətdən təmiz kənd təsərrüfati bitkilərinin yüksək məhsuldarlığına nail olunması, suvarmadan maksimum qənaətlə istifadə edilməsi, əkin sahələrində damçı üsulu ilə suvarmanın tətbiqi və genişləndirilməsinə böyük ehtiyac duyulur.