IKT

17 Avqust

Cəlilabadda günəbaxan sahələri genişləndirilir

Cəlilabadda günəbaxan əkən fermerlər məhsulun sahələrdən tədarükünə başlayıb. Bu mövsüm rayonda günəbaxan sahələri 70 hektara qədər artırılıb.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəlilabadda iqlim və torpaq şəraitinə uyğun olaraq sənaye əhəmiyyətli bitkilər içərisində günəbaxanın müstəsna yeri var. Rayonun bir neçə kəndində bu strateji məhsulun istehsalına hər il maraq göstərilir. Son illər suvarma suyuna tələbatı tam ödənilmədiyi üçün rayonda günəbaxan əkininə maraq azalsa da, istehsalçılar bu mövsüm əkin sahələrini 140 hektardan 210 hektara çatdırıb. İstehsalçılar bildirir ki, hər il digər bitkilərlə yanaşı bu sahəyə üstünlük verilməsinin əsas səbəbi günəbaxan bitkisinin məhsuldarlığının yüksək olması, eləcə də bazardakı yeri və ən əsası quraqlığa davamlılığıdır.

Fermer Cəmaləddin Əhmədov: “Bu il 6 hektar əkmişəm, 25 sentner məhsul verib. Əkinin ilk günündən becərmə işləri düzgün aparılıb. Bu il suyumuz da bol olub. Düzgün su da vermişik. İndi qurutma işləri gedir semiçkada. Səhər məhsul kisələrə vurulacaq”.

İşçi İsmət Qasımova: “Artıq dünəndən kombaynla döyümümüz qurtardı. Xarmana sərim işləri ilə məşğuluq. Biz artıq semiçkanı burda sərmişik, qurudub sonra meşoklara qablaşdırıb, satışa çıxardacağıq. Bazara çıxarandan sonra yeyinti sənayesi üçün, emal üçün hazırlamışıq”.

Fermer Aqil Əhmədov: “Məhsulumuz da ürəyimiz istəyən kimi boldur. Bu məhsul bizim üçün sərfəli olduğu üçün növbəti ili çalışacağıq daha artıq 10 hektar, 15 hektar sahədə günəbxan əkək”.

Mütəxəssislərin apardıqları monitorinqlər də göstərir ki, vaxtında düzgün aqrotexniki tədbirlər aparıldığından sahələrdə bol məhsul yetişib. Hazırda tədarük işləri aparılır, orta məhsuldarlıq hələlik 16 sentnerdən bir qədər yüksəkdir.

Cəlilabad DAİM-in mütəxəssisi Hafis Kərimov: “Günəbaxan sahələrində yığım tam texnologiyaya uyğun olaraq aparılır, eyni zamanda, ənənəvi qaydada olaraq əl ilə yığım aparılır. Sahibkarlar da bu günkü bazara uyğun məhsulu lazımi təşkilatlarla müraciət edib və qiymətin standartlara uyğun olaraq razılığını əldə ediblər”.

Fermerlərin sözlərinə görə, bu mövsüm qiymətlərin 1 m 20 qəpik civarında olacağı gözlənilir. Qeyd edək ki, ötən il 147 hektar günəbaxan sahəsindən 230 tona yaxın məhsul toplanılıb. Düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il sahələrdə məhsulun 100 ton artıq olacağı gözlənilir.